borc-xərc tapdığı pullarına bir qucaq qızılgül alır. O, gətirdiyi gülləri Marqaritanın müvəqqəti yaşadığı məhəlləyə aparan dar cığırlı daş döşəmələrlərə bir-bir düzərək düz onun yaşadığı otağın qarşısına qədər uzadır.

Parisin “Bel Vyu” adlı miniatür teatrı 1905-ci ildə Tiflis şəhərinə bir həftəlik qastrol səfərinə gəlir. Səfərdən bir neçə gün öncə şəhərin görkəmli yerlərində “Yenilik! Bel Lyu öz ecazkar aktrisası Marqarita de Sevr ilə qonağımızdır!” məzmunlu afişalar yapışdırılır. Afişaların üstünü şanson müğənnisi, ecazkar rəqqasə  Marqaritanın şəkli bəzəyir. Sonralar rus yazıçısı Paustovski bu fransız xanım haqda belə yazmışdı: “Bütün kişilər Marqaritanın gözəlliyinə ehtiyac duyurdu. Lakin onun ürəyinin qapıları həmişə bağlı idi. Xanım davranışlarında özünə etinasız görünsə də, gəzdirdiyi gözəlliyə ciddi qulluq elədiyi hiss olunurdu. Şux ipək geyimi və bihuşedici şərq ətirləri Marqaritanın gözəlliyinə əlavələr qatır, onu daha “təhlükəli” gözələ döndərirdi”.


Bəzən bir qarın yeməyə və bir şüşə çaxıra kafelərin girəcəyinə, divarlarına şəkillər çəkən, gecələr Kür çayının sahillərində tənha veylləndikdən sonra Tiflisin qaranlıq zirzəmilərində gecələyən Niko Pirosmani Marqaritanın afişadakı şəklini görən kimi ona aşiq olur. Qırx üç yaşlı kimsəsiz, səfil rəssam qastrola gələn teart heyətinin qaldığı mehmanxananın yerini soraqlayıb gecəylə tapır. Niko şəkildə gördüyü fransız xanıma öz sevgisini çatdırmaq üçün səhər tezdən bazara gedib borc-xərc tapdığı pullarına bir qucaq qızılgül alır. O, gətirdiyi gülləri Marqaritanın müvəqqəti yaşadığı məhəlləyə aparan dar cığırlı daş döşəmələrlərə bir-bir düzərək düz onun yaşadığı otağın qarşısına qədər uzadır. Yollarına qızılgül səpələnmiş aktrisa səhər tezdən gördüyü mənzərədən çox təsirlənir və bu jestin müəllifi ilə maraqlanır. Güllərin kim tərəfindən düzüldüyü teatr truppası üçün bir neçə gün müəmmalı qalır.

 

Niko gülləri üzünü görmədən sevdiyi qadının məhəlləyə qalxdığı daş cığırlara düzdükdən sonra bu sevincini zirzəmi kafelərin birində qeyd etməyə yollanır. İçki məclisində özünü saxlaya bilməyən Pirosmani söhbəti dostlarına açır. Həmin günün axşamı səfil rəssamın sevgi macərası kafelərdə söylənərək bir neçə günə bütün Tiflisə yayılır.

Belə bir insanın mövcudluğundan xəbər tutan Marqarita Pirosmaniyə teatrlarının konsert dəvətnaməsini göndərir. Dəqiq yeri-yurdu bilinməyən, tutduğu əməlinin sərxoşluğunu günlərlə davam etdirən rəssam dəvətdən xəbərsiz olur. Heyranı olduğu aktrisanın göndərdiyi dəvətnamə teatrın Parisə dönüşündən bir neçə gün sonra rəssama çatır.  Sevdiyi xanımın dəvətnaməsini vaxtında almayan Niko eşidəndə ki Marqarita hansısa varlı bir pərəstişkarı ilə Tiflisdən Parisə gedib, çox sarsılır. Lakin bu əhvalatdan tarixə “Aktrisa Marqarita” adlı bir Pirosmani şedevri ərməğan olur.

Zirzəmi kafelərin küncündə çaxırla baş-başa qalan Pirosmani haqda yayılan söz-söhbət getdikcə şişirdilib dastana çevrilir. Guya rəssam Marqaritanın yaşadığı məhəlləyə bir araba gül göndəribmiş. Gürcü gopbazları sonralar başqa versiyalar danışdılar. Guya Nikonun bir evi varmış, bir gün o evi satıb Tiflis mağazalarındakı bütün gülləri alaraq doqquz arabaya yükləyib  Marqaritaya göndərir.

Sonralar həmin əhvalatdan xəbər tutan məşhur rus şair A. Voznesenski “Milyon alıx roz” şeirini yazır. Şeirə Raymond Pauls gözəl bir nəğmə bəstələyir. Həmin mahnı Alla Puqaçovanın ifasında bütün dünyaya yayılır.

 

Nikolay Aslanoviç Pirosmanaşvili təxminən 1862-ci ildə Kaxetin Mirzəyanı adlı dağ kəndində kasıb bir ailədə dünyaya gəlmişdi. Niko dörduşaqlı ailənin ən kiçiyi idi. O, səkkiz yaşında olarkən atası Aslan dünyasını dəyişir. Ərinin ölümündən sonra ailənin maddi durumu ağırlaşdığına görə anası Təklə xanım Nikonu bakılı sahibkar Eprosina Kələntərova soyadlı  xanımın yanına qulluqçu göndərir. Atasının ölənə qədər qulluq elədiyi Kələntərovlar ailəsinə qaynayıb-qarışan Niko 1870-ci illərin ortalarında öz tay-tuşu olan Georgi Kələntərovla Şulaver kəndindən Tiflisə gəlir. Niko Tiflisdə əl işləri ilə məşğul olan bir-iki usta yanında olur, gürcü və rus dillərində yazıb oxumağı öyrənir. Lakin o, ustaların verdiyi cüzi məvacibdən bezir və təxminən 1876-cı ildə  yenidən Mirzəyanı kəndinə, bacısının yanına qayıdır. Gələcəyin məşhur rəssamı burada bir müddət çobanlıqla məşğul olur.

Şəhər mühitinə can atan Pirosmani 1880-ci ildə yenidən Tiflisə gəlir, yaşam pulu qazanmaq üçün rəssam dostu Qiqo Zaziaşvili ilə dekotariv yazılar dükanı kirayələyir. Kafe-dükanların üstünə yazdıqları reklam yazılardan gələn gəlirlə dolana bilməyən dostlar dükanı bağlamalı olur.

Niko 1890-cı ildə dəmir yolunda yol nəzarətçisi işləyəsi olur. Yoldəyişmə işində ciddi rejimə dözməyən Pirosmani tezliklə bu işdən də azad edilir.

Niko cüzi pul qazanıb yaşamaq üçün Dmitri Aluqişvili adlı bir alverçi tanışı ilə süd dükanı açır. Elə həmin vaxtlardan rəssamın ilkin əl işi yaranmağa başlayır. Pirosmani dükanın giriş qapısının yanlarına ölümündən sonra şedevr sayılacaq, “Ağ inək” və “Qara inək” adlı iki rəsm çəkib asır. Bu rəsmlərdən sonra dükana gələn müştərilərin sayı günü-gündən artır. Lakin alverə maraq göstərməyən Niko tez-tez dükanı tərk edib Mirzəyanı kəndindəki doğmalarının yanına qaçır, orada da qərar tuta bilmir, təzədən Tiflisə qayıdırdı. Bir müddət süd alveri ilə məşğul olan dostunun verdiyi cüzi pulla dolansa da, Niko Pirosmani artıq öz rəsm sənəti ilə pul qazanmağa qərar verir.

Heç bir rəssamlıq məktəbində təhsil almadan, qeyri-adi rəsmlər çəkən bu arıq, ucaboy, adamayovuşmaz adam haqda müxtəlif söz-söhbət gəzməyə başlayır. Guya Niko gecələr müqəddəs varlıqlarla gəzib dolaşdığına görə onun  fırçasını tanrının özü idarə edir.

 

Pirosmani öz rəsmlərini köhnə stolüstü “klyonka”lardan düzəltdiyi freskalarda çəkirdi. Elə buna görə rəssam “klyonka”lardakı rəngləri yox etmək üçün çəkdiyi rəsmlərin əksəriyyətini qara fonda işləməli olurdu.

Evsiz-eşiksiz rəssam ailə qurmağa risk eləmir, beləcə, hərdən aldığı sifarişləri yerinə yetirərək  xırda gəlirlə yaşayır, Tiflisin zirzəmilərində sərxoş uyuyurdu. Rəsm çəkmək ehtirası günü-gündən alovlansa da, heç kim Pirosmanaşvilini rəssam kimi görmür, onun meyxanalar üçün çəkdiyi rəsmlərini ciddiyə almırdı.

1912-ci ildə futurist şair İlya onun qardaşı futurist rəssam Kirill və rəssam dostları Mixail Lyö Dantyü Nikonun bir neçə rəsmini toplayaraq, haqqında yazıb qəzetlərdə çap elətdirirlər. Beləcə, futurist rəssamların 1913-cü ildə Moskvada düzənlədiyi “Mişen” adlı sərgidə şair İlya Zdaneviçin Tiflisdən gətirdiyi Pirosmani rəsmlərinin də bir neçəsini salonun divarından asırlar. Sərgidən sonra gənc gürcü rəssamları Pirosmaninin yaradıcılığı ilə maraqlanmağa başlayır, Almaniyada təhsil almış David Şeverdnadze isə onun rəsmlərini toplamağa girişir.

5 may, 1916-cı ildə Kirill Zdanoviç öz emalatxanasında Pirosmaninin birgünlük sərgisini keçirir. Lakin belə xırda cəhdlər onun həyatında heç nəyi dəyişə bilmir, evsiz rəssamın maddi ehtiyaclarını ödəmirdi. Təkcə bir dəfə Tiflisdə yenicə yaranmış Rəssamlar İttifaqı ona bir miqdar yardım edə bilir. Rəssamın arzuladığı geniş həyətli bir ev, həyətində mütəmadi olaraq  müxtəlif rəssamların rəsmlərindən ibarət sərgi keçirtmək arzusu, elə arzu olaraq da bu dünyada qalır.

 

Pirosmaninin müasiri olan gürcü rəssamı Lado Qudiaşvili öz xatirələrində yazır: “Nikonu Rəssamlar İttifaqının iclasına dəvət etmək mənə həvalə olundu. Soraqlaşaraq onun yaşadığı evi  çox çətinliklə tapdım. Mən ora çatanda gördüm uşaqlar onun qapısını daşlayırlar. İçəridən isə dəli adamın boğuq bağırtı səsi gəlirdi. Qapını ədəblə döydüyümə görə durub açdı. Dərin bir zirzəmidə yaşayırdı. Dəvətimi eşitdikdən sonra ayağa durub üst-başını göstərərək belə dedi: “Bu əyin-başla mötəbər insanların üzünə necə çıxa bilərəm?””

 

Məşhur rəssam Pirosmani 1918-ci ildə 56 yaşında öz zirzəmisində tənhalıq içində dünyadan köçür. Ölümündən sonra onun çoxlu sərgiləri düzənlənir, haqında əsərlər yazılır, həyatından kino çəkilir. Nikonun əsərlərinin hər birinin qiyməti milyon dollarla qiymətləndirilir.

Pirosmani bu dünyanı gözəlləşdirmək üçün özündən sonra “Aktrisa Marqarita”, “Maral”, “Beş zadəganın şənlənməsi”, “Çariça Tamara”, “Kaxetiya çaxırı”, “Zürafə”, “Şota Rustaveli”, “İnək sağan”, “Müqəddəs Qeorqi”, “Bulağa gedən ana”, “Süpürgəçi”, “Pivə içən qadın”, “Odun daşıyan”  kimi iki yüzə yaxın rəsm əsəri qoyub getdi... 

 

Bu Məzmuna Reaksiya Ver (ən çox 3 reaksiya)


Facebook Şərhləri