Can tayfasını daha öncə tüstüsüz oddan xəlq etmişdik (Hicr, 27).

Unutma Onlar Səni Görür

Unutma Onlar Səni Görür

Cinlər Haqqında Ətraflı Məlumat

Allah-təala dünyada şüurlu varlıqları üç növ üzrə yaratmışdır: mələklər, insanlar və cinlər. Mələklər şəhvətsiz xəlq olunmuşlar, günah etməzlər, yeyib-içməzlər, artıb-çoxalmazlar, iradə azadlığına malik deyillər.

Mələklərin hamısı məsum (günahsız), mömin, Allaha mütidirlər. Lakin digər iki şüurlu canlı növü – yəni insanlar və cinlər iradə azadlığına, seçki ixtiyarına, ağla və şəhvətə sahibdirlər.

Zaman etibarilə öncə mələklər, sonra cinlər, sonra da bəşəriyyət yaranmışdır. Allah-təala mələkləri nurdan, insanları su ilə qarışıq torpaqdan, cinləri isə oddan xəlq etmişdir. Qurani-kərimdə buyurulur: “Can tayfasını daha öncə tüstüsüz oddan xəlq etmişdik” (Hicr, 27). Təfsir alimləri ayədəki “can” sözünü cinlərin cəmi və ya cinlərin ulu əcdadı kimi mənalandırıblar.

Ərəb dilində “cənnə” feilindən qaynaqlanan bir neçə söz var ki, bunların hamısı gözdən gizli olmaq, görünməmək mənasını verir. Məsələn, bağçaya ağacların budaqları altında görünməz olduğuna görə “cənnət”, zirehə arxasında gizlənildiyinə görə “cünnə”, rüşeymə ana bətnində gizli və naməlum olduğuna görə “cənin” deyirlər. Psixoloji pozuntusu olan adamı ağlını itirdiyinə görə “məcnun” adlandırırlar. “Cin” adı da bu varlığa normal insan gözü ilə görünmədiyinə görə verilib.

Cinlər lətif (zərif, belə demək mümkünsə, şəffaf) bədənə malikdirlər; buna görə adi halda gözlə görünməzlər. Yüngül olduqlarına görə uça bilirlər. Maneələrdən (məsələn, divarın içindən) rahatlıqla keçirlər. Adi insanın qadir olmadığı işləri görməyə imkanları var. Məsafə onlar üçün problem deyil, asanlıqla uzaq məsafələri qət edib teyyi-ərz edirlər (yerlərini dəyişirlər). Istədikləri şəklə düşmək bacarığına sahibdirlər; heyvanatın və insanın şəklini ala bilərlər. Amma mələk və peyğəmbər sifətini almaq onlara qadağandır. Cin öz adi qifayəsində deyil, başqa şəklə düşdükdən sonra insanın gözünə görünə bilər.

Cinlər də artıb çoxalırlar. Qadın (dişi) cinlər övladlarını doğur, südlə əmizdirirlər, onların hamiləlik müddəti insana nisbətən qısadır. Nə ilə qidalanmaları barədə məlumatlar fərqlidir. Mənbələrdə cinlərin hava ilə, xörək qoxusu ilə və ya insanların artıq qalmış yeməkləri ilə qidalandıqları bildirilir.

Cin də insan kimi hissiyyat üzvlərinə malikdir, gözləri, burnu, ağzı, qulağı, iki əli və iki ayağı var. Görür, eşidir, danışır. Bundan əlavə, telepatiya xüsusiyyətinə də sahibdir, öz fikrini uzaqdan və səssiz ötürməyi, başqasının fikrini oxumağı bacarır. Bəzi təsəvvürlərin əksinə olaraq, qanadı və buynuzu yoxdur. Bədən quruluşu baxımından, insandan azacıq kiçikdir.

Cinlər maneəsiz olaraq həm yer səthində, həm də havada hərəkət edə bilirlər. Insanlar aləminə daxil olmaları üçün Allahdan izn almaları lazımdır. Amma bəzən də icazəsiz insanın gözünə görünüb, onunla rabitə qura bilirlər.

Cinlər də insanlar kimi təklif (dini mükəlləfiyyət) sahibidirlər. Onların bir qismi mömin, bir qismi kafirdir. Aralarında günahkarlar da var. Bəşəriyyətə nisbətən təkamülün daha aşağı pilləsində durduqlarına görə, insanlara göndərilmiş peyğəmbərlərə itaət etməyə vəzifəlidirlər, öz peyğəmbərləri yoxdur. Qurani-kərimdə insanlarla bir sırada cinləri də xatırladan və onlara müraciət edən ayələr (Ənam, 130; Rəhman, 31 və 33) bunu göstərir ki, Islam dini, Quran və Həzrət Mühəmməd Peyğəmbər (s) bu iki varlıq növünün müştərək dəyərləridir.

Quranda buyurulur ki, Həzrət Mühəmməd Peyğəmbərin (s) zamanında cinlərin bir qismi o həzrətin Quran oxumasını eşitdikdən sonra Onunla görüşmüş, Islam dinini qəbul edib iman gətirmiş və öz qövmləri arasında bu dini yaymağa təyin olunmuşdular: “Onu da xatırla ki, bir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin yanına göndərmişdik. Onlar onu dinləməyə hazır olduqda (bir-birinə): “Qulaq asın!” - dedilər və (Quran oxunub) qurtardıqdan sonra (həmcinslərini Allahın əzabı ilə) qorxudanlar sifəti ilə öz qövmlərinin yanına qayıtdılar” (Əhqaf, 29). Şiə mənbələrində imamların da cinlərlə görüşdükləri, onların suallarına cavab verdikləri və onlara əmr etdikləri barədə rəvayətlər vardır. Mötəbər mənbələrə görə, aşura günündə cinlərin bir dəstəsi Imam Hüseynlə (ə) görüşüb, Ona yardım göstərməyi təklif etmiş, amma Imam bu işin yalnız insanlar tərəfindən həll edilməli olduğunu söyləyərək, onların hadisəyə qarışmalarını qadağan etmişdi.

Cinlər də insanlar kimi yaşadıqdan sonra ölürlər, amma ömürləri bəşər ömründən xeyli uzundur. Onların da məhşər günü olacaq. Həyatda etdikləri əməllərə görə axirətdə cavab verəcək, ya mükafata layiq görülüb cənnətə aparılacaq, ya da əzabı dadmaq üçün cəhənnəmə göndəriləcəklər. Quranda buyurulur: “Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım” (Zariyat, 56). “Artıq Rəbbinin (mələklərə dediyi): “Mən cəhənnəmi (Allahı inkar edən) bütün cinlər və insanlarla dolduracağam!” - sözü tamamilə yerinə düşdü” (Hud, 119). “Biz cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq” (Əraf, 179).

Qurani-kərimdə kafir və günahkar cinlər haqqında bir neçə ayə vardır. Nas surəsində insanlarla yanaşı, cinlərin də şərindən Allaha sığınmaq müsəlmanlara tövsiyə edilir: “O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır; cinlərdən də olur, insanlardan da” (Nas, 5-6). Ayədən göründüyü kimi, şeytan anlayışına həm insanların, həm də cinlərin nümayəndələri aid oluna bilərlər. Şeytan xüsusi varlıq növü deyil. Onların başçısı və əcdadı olan İblis mələklərin əhatəsində yaşamış cin idi. İblis Allaha asi olduqdan sonra iradəsi zəif olan insanları və cinləri aldadıb öz tərəfinə çəkdi. Kafir cinlər İblisin vəsvəsəsi ilə hərəkət edib həm mömin cinlərə, həm də mömin insanlara ziyan vurmağa çalışırlar.

İnsanlar bəzi tilismlərdən və fövqəltəbii qüvvələrdən istifadə edərək cinləri özlərinə təslim edə bilərlər. Amma bu işi görmək (son dərəcə zərurət halları istisna olmaqla) günahdır. Tilismin dərəcəsindən asılı olaraq, cinin insana tabe olmaq dərəcəsi də fərqlənir. Bəzən bəşər dünyasına icazəsiz daxil olmuş kafir və günahkar cinlər insana ziyan yetirirlər. Buna xalq dilində “cin vurmaq” deyilir. Bunun qarşısını almağın yolları haqqında xüsusi kitablar var. Cinlərin mənfi təsirindən amanda qalmaq üçün ən yaxşı yol Allah-təalanın qüdrətinə sığınmaq, tez-tez Quran oxumaq, ibadət etmək, dua etməkdir. Kafir cinlər “Bismillah” sözündən qorxurlar; yəni bu müqəddəs söz onların mənfi təsirini puça çıxarır və insana ziyan yetirmək yolunu bağlayır.

Bu Məzmuna Reaksiya Ver (ən çox 3 reaksiya)


Facebook Şərhləri