Qan qoxuyan küçələrdən çıxmış "Tələbə"
Qan qoxuyan küçələrdən çıxmış "Tələbə"

Gözümü yumub açdığım zaman 11 il bir göz qırpımında gəlib keçmişdi. Düzdür , məktəblə aramda elə də möhkəm bağ yox idi. Nə məktəblə , nə sinif uşaqları ilə. Sonrakı illərdə də əlaqələrin tamamilə kəsiləcəyi məlum idi. Lakin illərdi parta arxasında oturduğun günlərin az da olsa xatirələri gözlərinin önündə canlanırdı. Hazırlığa getməyimə baxmayaraq dərslərimi elə də yaxşı oxumamışdım. Amma özümə söz vermişdim , instituta qəbul olmalı idim. İmtahanda köçürmək yolu ilə olsa belə , bunu etməli idim. Evdə atam , anam gözünü mənə dikmişdi çünki evin tək oğlu idim , qardaşım yox idi. Gələcəkdə iş – güc sahibi olub , ailəmi saxlamalı idim. Uşaq ikən fikirləşirdim ki , Polad Alemdar kimi olacağam. Sözüm, söhbətim indi necə Vasmoy regionuna bəllidirsə , vaxt gələcək bütün Bakı məndən danışacaq. Kiminsə xəyallarının belə gedib çata bilməyəcəyi yerlərə , mənim , bizim adımız gedib çatacaq. Amma elmin , savadın mahiyyətini dərk eləməyə başladıqca , anladım ki , bir yerdə hardasa səhv olub. Həyatda insan hər şeyin dadına baxmalıdır ! Ən pis şeylərin belə , insan üçün zərərli olanların belə. Amma nəticə çıxarmalıdır. Bir şeydən asılılıq insanı uçuruma apararaq məhv edir. Belə bir fikir ayrılığı yaşadığım bir mühitdə artıq sıxıntılarım var idi. İllərdi bir yerdə böyüdüyüm uşaqlar , bəlkə də bir çoxuna “can borcum” var idi. Elə söhbətlərdə üstümə bıçaq çıxardıb vurmağa çalışanda məni tək qoymamışdılar. Əllərindən alıb o bıçağı biədəb yerlərə soxmuşdular ! Elə yaxın olduğum uşaqlarla yolları ayırmaq belə çətin idi. İnstitut imtahanı günü qapıdan içəri girəndə də “bəlkə yazmayım heç bilsəm də , çıxıb əsgər gedərəm , 1 il 6 ay əsgərlik , sonra da qayıdandan sonra mənə iş yoxdur . Hamı tanıyır , hörmət edir !!” kimi fikirlərlə otağa daxil oldum. Otaqdakı oğlanlı - qızlı süzdüm hər kəsi , ağ köynək , qara şalvar geyinib onlardan seçilməsəm də , üzümdəki uşaqlığa qarışmış zəhmim sanki “avara” görünüşümü aşikar edirdi. İllərini oxumaq , kitab – dəftərə həsr eləmiş uşaqlar bir anda qartal kimi testin üstünə şığıdılar. Mən isə beynimdə “Uşaqlar indi qəlyan çəkir , mən isəə.. ehh” deyib köks ötürürdüm. Bu fikirlərdən nəzarətçi oyatdı məni :
- Yaza bilmirsən ? 
- Yoo yazacam , fikirləşirdim.
- Özünü itirmə , hər şeyi yadına sal. Bu sənin həyatındakı ən mühim günlərdən biridir. Unutma ki , sənin yazdığın cavablar sənin həyatını həll edəcək.
- Bilirəm , yazacam – dedim. ( Amma bilmirdim) 
Hamı institut mühitinin , tələbə adının , 4 ilin tamam bambaşqa olduğunu deyirdi. Amma bu mənə , mənim məhləmdəki uşaqlara yad idi. Bizim psixologiyamıza uyğun deyildi. 
Bəxtimdən testi vərəqləyəndə qarşıma çıxan suallar , sanki hazırlıq vaxtı müəllimi aldatmaq üçün verdiyi ev tapşırıqlarından elədiyim 5 - 6 dənə sual idi qarşımda dayanmışdı. Cavabını əzbərlədiyim , mən də nəsə bilirəmmiş kimi şeylər. Yazdım , şans üzümə gülmüşdü. Testi verib , ilk çıxanlardan biri idim. Məhlə uşaqları yığılıb gəlmişdilər , əllərində plakatlar , “Yetim , birdən girərsən aaa yavaş ol” , “Xaloğli , stolbaya yoxsaa ... ???” kimi gülməli statuslu sözlərlə camaatı gülməkdən keçindirmişdilər  . İmtahandan birbaşa çayçıya getdik. Domino , nərd oynadıq. Guya ki, üstümdən imtahanın həyəcanını atıram. İki – üç gün Bakıda qaldım , sonra Gürcüstana istrahətə getdim. 
Yay günlərindən biri idi. Kəndimizin sərin vaxtları , kənd uşaqları ilə kart oynayırdıq. Bir nəfər gəldi ki, baban səni çağırır , təcili evə gəlsin dedi. Durub, getdim . Babam soruşdu :
- Yapon kimdi ? 
- Dostumdur , Bakıdan.. Nə məsələdir ? 
- Heç, zəng eləmişdi , məni vacib yığsın dedi.
O vaxtlar telefon işlətmirdim , kasıbçılığın üzü qara olsun . Babamdan götürüb telefonu zəng elədim : 
- Yetim , necəsən ? Nə var nə yox , babamın nömrəsini hardan almısan, ala ? 
- Sağol yetim , sən necəsən ? Yeznəndən aldım. Muştuluğumu verməyən bilirsən də nədir ? 
- Lap da. Əəə balqabaq , bilmirsən məndə kəlimə kəlimədi . De görüm nə olub ? Hilal Türmədən çıxıb yoxsa ??
- Ala , yoox , nə Hilal . İnstituta qəbul olmusan ! Özüdə Neft Akademiyasına.
- .........
- Aloo , aloooo . Bax demisən haaa , muştuluğumu verəcəksən !!
- Verəcəm qaqaş , öpürəm səni , Çox sağol xəbərə görə.
Sağollaşdıq. Amma mən o an quruyub qalmışdım. Tale üzümə gülmüşdü. Sanki həyat istəmirdi gəncliyim heyif olsun . “Qaqaş nə olub , nə deyirdi Rəşad ?” - bacım soruşdu. “İnstituta qəbul olmuşam” - dedim. “Oooooleeeeeyyy” deyib qışqırıq düşdü. Evdəkilər , dayım uşaqları bir - bir qucaqladılar. Hər kəs sevinc içində , təbrik edir , xoş sözlər deyir. Biraz işim var , gec gələcəm - deyib evdən çxıdım. Kəndimizin ortasından axan çay , kəndi iki yerə bölürdü . Körpünün üstündə hündür bir yeri özümə məskən seçmişdim , sanki bütün kənd ayağımın altında olurdu , hər kəndə gedəndə həsrətimi orda oturub kəndə baxmaqla dindirirdim. Kəndimə , elimə - obama çox bağlı insan idim. Getdim oturdum orda. “Hara gedir bu həyat dedim ?” – öz özümə. Həyat daima qəribəliklərdə doludur , ən pis oyunları isə gah əvvəldə oynayır , gah da sonda. Mən avara , kinli , qaranlıq dünyaların adamı kimi böyüdüyüm bir halda , ilanı yuvasından çıxardan dilim , sonra başından bir – iki də qapaz vurub yerinə salan biri idim. Tale isə elə bir oyun oynadı ki , avaranı tələbə eləmişdi.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!


Həmçinin oxuya bilərsiz!

Facebook Şərhləri



Disqus Şərhləri