Seyidlik insana necə keçir? – İlahiyyatçıdan açıqlama
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) qazısının vətəndaşa “Seyid Ağa” vəsiqəsi verməsi “Seyidlik insana necə ötürülür?” gündəmə sualını gətirib.

Doğrudanmı “seyid” adını daşıyan şəxs bir insana "tüpürməklə" onu sakrallaşdırır?

Məsələ ilə bağlı ilahiyyatçı Elşad Miri açıqlamasında bildirib ki, bu cür məlumatlar yalan və gülünc iddialardır:

“Məhəmməd Peyğəmbərin adından gülünc uydurmalar var. Guya deyilir ki, Fatimənin südü olmadığına görə peyğəmbər dilini imam Hüseynə verib ki, sovursun. Peyğəmbər gəlməyib ki, kiməsə tüpürsün, yaxud üfürsün. Peyğəmbərin iki məqsədi olub. Quranda da bildirilir ki, ancaq və ancaq Allahın vəhini insanlara çatdırmaq və gizlətməyib açıqlamaq”.

İlahiyyatçı bildirir ki, seyid Hüseynin nəslindən gələnlərə verilən ümumi addır və bu gün dilimizdə işlətdiyimiz “bəy”, “müəllim”, “əfəndi” müraciət forması ilə eyni mənanı daşıyır:

“Seyidlik məsələsi uydurma bir şeydir. Bugünkü mənada guya Məhəmməd peyğəmbərin qızı Fatimə ilə Rəsulullahın əmisi oğlu Əlinin övladı imam Hüseynin nəslindən gələnlərə “seyid” deyilir. Nə hikmətsə, digər övladı Həsənin nəslindən gələnlərə «şərif» deyilir və “seyid” sayılmır. Quranda iki yerdə “seyid” ifadəsi işlədilir. Bu gün biz peyğəmbər nəslindən gələnlərə “seyid” deyirik, amma Allah Quranda peyğəmbərin özünə müraciət formasında “seyid” sözü işlədilir. Quranda Yəhya peyğəmbərə, Yusif surəsində adı keçən, ədəbiyyatımıza Züleyxa adı ilə düşən xanımın ərinə də “seyid” deyilir”.

Elşad Mirinin sözlərinə görə, peyğəmbər nəslindən gələn adamın başqalarından üstünlüyü yoxdur:

“Kimin hansı nəsildən gəlməsinin üstünlüyü yoxdur. Quranda belə bir söz deyilmir. Əgər Peyğəmbər nəslindən gəlmək faydalıdırsa, Adəm peyğəmbərin övladları Habil və Qabil məsələsi də düşünüməlidir. Çünki biri qatil, digəri də günahsız yerə öldürülən şəxs oldu. Yaxud əgər hər peyğəmbərin nəslinə hörmət edilməli olsaydı, Allah Nuh peyğəmbərin kafir oğluna, İbrahimin bütlər düzəldib Tanrı adı ilə satan atasına, Yusif peyğəmbərə əzab verən qardaşlarına, Lut peyğəmbərin kafir arvadına və Məhəmməd peyğəmbərin əmisinə dua etməsini yasaqlamazdı. Buradan belə nəticə çıxır ki, peyğəmbərin nəslindən olsan da, peyğəmbər övladı olsan da, peyğəmbərlə bir yastığa baş qoysan da, onun heç bir faydası yoxdur. Çünki Allah Quranda buyurur ki, hər kəsə öz qazandığının əvəzi vardır. Yəni kimin hansı nəsildən gəlməsinin heç bir əhəmiyyəti yoxdur. Üstünlük ancaq Allahın buyruqlarını yerinə yetirməklə bağlıdır”.

Əski zamanlarda peyğəmbərin nəslindən olduğunu iddia edənlərin “şəcərə”si olduğunu deyən ilahiyyatçı, bu şəcərənin Məhəmmədin soyundan gəldiyini göstərən sənəd olduğunu bildirib:

“Əvvəllər bəzi dövlətlərdə seyid kimi qələmə verlən insanlardan ictimayyət arasında bir fikr formalaşdırmaq üçün istifadə edirdilər. Yəni həmin dövrün sosial mediası kimi onardan istifadə olunurdu. Məsələn Osmanlı imperiyasında onlara yaşılçarıqlılar deyirdilər. Onlar dövlətdən maaş alır, hərbi xidmətə getmir, vergilərdən azad olunurdular. Sonrakı dövrlərdə peyğəmbər nəslindən gəlidkləri iddası ilə şəcərələri olurdu ki, həmin şəcərələri baha qiymətə satırdılar”.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!

Facebook Şərhləri



Disqus Şərhləri