Sənə güllər yaraşır;
Mən də getdim çiçək aldım ki, taxarsan yaxana.

Sənə güllər yaraşır;
Xoşdur ətrin duyan insanlara, rəngin baxana.

Sənə gülmək yaraşır;
Gül mənim halıma, hər dəfə gül açsın yanağın.

Sənə gülmək yaraşır;
Uçurar sevgimizin körpüsünü ağlamağın.

Sənə sevmək yaraşır;
Sanki bir mənzərədir sevgi, çəkirsən ürəyə.

Sənə sevmək yaraşır;
Sən ki, insanları sevdikdə, dönürsən mələyə.

Sənə cənnət yaraşır;
Elə cənnət gülü şəklində düşürsən şəkilə.

Sənə cənnət yaraşır;
Ay üzündən çəkinə, gün qabağından çəkilə.

Sənə hər şey yaraşır;
Şal da taxsan yaraşır, al da geyinsən yaraşır.

Nə yaraşmır ki sənə?..

Pünhan Azim