Azərbaycancaaz
Mir.az » Bilgi » Azərbaycan Dili » Mürəkkəb Adların Yazılışı

Mürəkkəb Adların Yazılışı

3 523
Mürəkkəb Adların Yazılışı
Mürəkkəb adların xüsusi isimlərdən fərqi ondadır ki, xüsusi isimlər ayrı-ayrı sözlərdən, mürəkkəb adlar isə söz birləşmələrindən ibarət olur.

Mürəkkəb adlara daxildir:
1) İdarə və təşkilatların adları;
2) Respublika bayramlarının adları;
3) Dövlət təltiflərinin adları;
4) Coğrafi adlar.

Mürəkkəb adlar cümlənin bütöv bir üzvü olur. Mürəkkəb adların yazılışında üç qayda var:
1. Aşağıdakı mürəkkəb adların tərkibində olan bütün sözlərin baş hərfi böyük yazılır:
a) Ölkələrin, muxtar respublikaların adlarında: Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası.
b) Respublika, şəhər və rayon tabeliyində olan idarə və təşkilatların adlarında: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Qaz İdarəsi, Babək Rayon Maliyyə Şöbəsi.

2. Aşağıdakı mürəkkəb adların tərkibində olan sözlərin ancaq əvvəlincisi böyük hərflə başlanır:
a) Məşhur tarixi gün və bayramların adlarında: Novruz bayramı, İyirmi yanvar (20 Yanvar).
b) Tərkibində okean, dəniz, çay, göl, meydan, küçə və s. sözlər olan coğrafi adlarda: Sakit okean, Xəzər dənizi, Araz çayı, Baykal gölü, Azadlıq meydanı, İstiqlaliyyət küçəsi.
c) Dövlət mükafatı və təltiflərinin (orden, medal, nişan) adlarında: «İstiqlal» ordeni, «Şöhrət» ordeni.

3. Fəxri adların özək hissəsini təşkil edən bütün sözlər kiçik hərflə yazılır: Azərbaycan Respublikasının əməkdar müəllimi.

Mürəkkəb adların bir çoxu, xüsusən ölkə, idarə və təşkilat adları mürəkkəb ixtisarlar şəklində də işlədilir: Məsələn
BDU – Bakı Dövlət Universiteti
BMT – Birləşmiş Millətlər Təşkilatı
MDB – Müstəqil Dövlətlər Birliyi
AMEA – Azərbaycan Milli Elmlər Akademiyası
Elə mürəkkəb ixtisarlar da var ki, onlar tələffüzə yatmadığından bütöv sözlərlə oxunur:
ARSN (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi).

Şərhlər 0

Şərh edin
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz