Məhsuldarlığı itirmədən evdən işləməyin yolları

Celal

Mircəlal
Rəhbərliki
Master
evden-islemenin-yollari.jpg

Evdən işləmək yəqin ki, sənin də gizli arzun idi. Arzular reallaşır! Bütün dünya artıq evdən işləmə trendinə qoşulur.


Amma evdən işləmək və ya “homofis” sənin təsəvvür etdiyindən daha fərqli alına bilər. Çünki bu sistem özü ilə bərabər bir neçə yeni problem və fərqlilik də gətirir. Bunlara necə adaptasiya ola biləcəyinlə bağlı səninlə bir neçə önəmli məqamı paylaşacağıq.

Şəxsi bir otaq
Məhsuldarlığı itirmədən evdən işləməyin yolları


Otaq burada birbaşa mənasında işlənmir. Əsas olan işləmək üçün evdə rahat və sakit işləyə biləcəyin bir guşə tapmaqdır. Əgər evdə tək qalmırsansa, bu guşədə “get-gəl”in az olmasına da fikir ver. Hətta mümkünsə evdəkiləri öncədən təlimatlandır.

Evdə də işə gecikmə
Onsuzda evdəyəm deyərək zəngli saatı qurmayıb, günə saat 12-də başlayacaqsansa, sənə pis xəbərimiz var. Evdən işləmək səndə alınmayacaq. İşə həmişəki vaxtında durub, iş başında olmaq sənin gündəlik nizamına və məhsuldarlığına birbaşa təsir edəcək.

İşlə aranda məsafə saxla
Evdə olmağın o demək deyil ki, sən 24 saat onlayn olub, durmadan işlərini həll etməlisən. İşin başlama saatı kimi bitmə saatında da diqqətli ol. Yoxsa həm işdən, həm evdən, həm də evdə işləməkdən tezliklə bezə bilərsən.
Məhsuldarlığı itirmədən evdən işləməyin yolları


Tək qalma, onlayn qal
Araşdırmaların nəticəsinə görə evdən işləyənlərin ən böyük problemlərindən biri yalnızlıq hissi olub. Burada həm fiziki yalnızlıq, həm də gördüyün işdə tək qalmaq hissindən söhbət gedir. Ona görə də komanda yoldaşlarınızla tez-tez ünsiyyətdə ol. Qısa video zənglər bu problemin həlli ola bilər. Hətta beşinci gün axşamlar bütün ofislə birlikdə “onlayn happy hour” belə təşkil etmək olar.

Evin dizaynında nələrə fikir vermək lazımdır?
Burada ən əsası iş masanın dizaynıdır. İş masanın üzərindəki əşyaları minimal tutmağa çalış. Nə qədər az və lazımlı əşyan varsa, işə bir o qədər yaxşı fokus ola biləcəksən. Bundan başqa iş masan ətrafında yaşıl sahə yaratmaq da yaxşı fikir ola bilər. Bu həm ətrafında havanın yenilənməsinə xidmət edəcək, həm də gözünü kompüterindən ayırdıqda gözünün rahatlamasına səbəb olacaq. Bir də evdə xüsusi qoxulardan istifadə edə bilərsən. Uçucu yağlar vasitəsilə əldə edə biləcəyin qoxular sadəcə xoş ətir vermir, həm də sənə əlavə müsbət təsirlər göstərir. Misal üçün nanənin uçucu yağından gələn qoxu daxili enerjini artırır, portağal yağından gələn qoxu isə daha az stress çəkmənə səbəb olur.
Məhsuldarlığı itirmədən evdən işləməyin yolları


Fasilə verərkən nə etmək lazımdır?
Evdə olarkən iş saatlarında sosial şəbəkə tələsinə düşmə. Sosial şəbəkələr sənin vaxtının böyük hissəsini alacaq və yəqin ki, sən də bilirsən ki, bunun sənə heç bir faydası olmayacaq. Amma fasilə verməyin də vacibdir. Bu qısa fasilələrdə iş sahəndə motivasiyanı artıracaq məqalələr oxuya, çıxışlar izləyə bilərsən. Uzun müddət kompüter arxasında oturmusansa, evin içində gəzə və ya evdə az vaxtını alacaq və beynini rahatlada biləcəyin başqa bir işlə məşğul ola bilərsən. Qabları yumağın bunun üçün əla məşğuliyyət olduğunu yəqin ki, sən də bilirsən...

İş siyahımı necə tənzimləyim?
İlk olaraq gördüyün hər bir işdə menecerlərin və ya komanda yoldaşların tərəfindən səndən nə gözləndiyini konkret olaraq müəyyən et. Ofisdə olduğu kimi hər bir addımda sual verə bilməyəcəyin üçün işlərini dəqiq bilməyin vacibdir. Bununla yanaşı günə başlarkən görüləcək işlərin siyahısını tutmaq da sənə kömək olacaq. Lakin bunu edərkən öz işləmə gücünə uyğun siyahı çıxarmağın vacibdir. Uzun siyahı səni ruhdan sala bilər. Bir də mütəxəssislər onu tövsiyə edir ki, əsas işləri günün birinci yarısında bitirmək daha yaxşı nəticələrə gətirib çıxarır.

Evdən iş həyatında uğurlar!
Beləliklə iş və ev həyatını bir-birindən nə qədər ayıra bilsən, evdən işləməkdə o qədər uğurlu ola biləcəksən. Bunun üçün isə sadaladığımız köməkçi vasitələrdən istifadə etməkdə sərbəstsən! Uğurlar.
 
Üst