Şəhrizad nağılı danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət edirlər ki, tacirlər arasında bir adlı-sanlı tacir var idi, o çox dövlətli idi, çoxlu ölkələrlə alış-veriş edirdi. Günlərin bir günü o, borclarını yığmaq üçün bir ölkəyə yola düşdü, yolda isti onu əldən saldı, o, bir ağacın altında əyləşdi, əlini xurcunun gözünə salıb bir parça çörək, xurma çıxartdı, xurma ilə çörəyi yeməyə başladı. Xurmanı yeyib çəyirdəyini təzəcə atmışdı ki, bir də gördü nataraz bir ifrit sıyrılmış qılınc ilə qabağında peyda oldu. İfrit tacirin lap yanına gəlib, ona dedi: "Dur ayağa, sən ki, mənim oğlumu öldürdün, əvəzində mən də səni öldürəcəyəm!" İfritin bu sözlərini eşidən tacir ondan soruşdu: "Necə yəni mən sənin oğlunu öldürdüm?" İfrit də onun cavabında dedi: "Sən xurmanı yeyib çəyirdəyini atdın, çəyirdək oğlumun sinəsinə dəydi, oğlum da elə o dəqiqə öldü". İşin bu yerdə olduğunu görüb tacir bərkdən dedi: "Allahın qüdrəti qarşısında hər şey acizdir! Əgər mən sənin oğlunu doğrudan da öldürmüşəmsə, bunu qəsdən etməmişəm. Keç mənim günahımdan". İfrit də dedi: "Yox, mən hökmən səni öldürəcəyəm". Sonra da tutub taciri yerə yıxdı, qılıncını qaldırdı ki, onu vursun, tacir ağladı, qışqıra-qışqıra dedi: "Mən özümü Allaha tapşırmışam!" - Sonra da bu şeiri oxudu:
Fələyin bir günü qorxuyla keçir, bir günü dinc.
Bir üzü qəmsə həyatın, bir üzü ləzzətdir.
Kim bizim tənə edirsə bu qara bəxtimizə,
Anlasın: alilərə ancaq əzab qismətdir.
Görməmisənmi, küləkdən sınaraq şil-küt olur
O ağaclar ki, müəzzindir, uca qamətdir.
Görməmisənmi, suyun üstə üzən çör-çöpdür,
Gizlənir inci dərinlikdə - o, pürqiymətdir.
Fələk əyləndisə, bir dəm üzümə xoş baxaraq,
Qəlbimi parçalayır indi neçə müddətdir.
Göyləri qaplamış ulduzların ucbatından
Tutulur ay, tutulur gün, bu necə hikmətdir?
Qurumuş şaxələri olsa da çox bir ağacın,
Meyvəli şaxəyə daş atmaq elə adətdir.
Nə qədər xoşdu günün, razı idin bəxtindən.
Düşünürdün ki, bəla versə də o, - nemətdir.
Elə ki tacir şeri oxuyub qurtardı. İfrit ona dedi: “Sözünü qısa elə! Allaha and olsun ki, səni hökmən öldürəcəyəm!” Tacir bu sözləri eşidib
dedi: “Ay cin, bil və agah ol ki, həm mənim boynumda borc var, həm çoxlu pulum var, arvad-uşağım var, həm də özgə adamların mənim yanımda qoyduqları girov şeyləri var. İzin ver evə gedim, kimə borcluyamsa, bir-bir hamının borcunu verim, ilin əvvəlində qayıdıb sənin yanına gəlim. Sənə söz verirəm, özü də Allaha and içirəm ki, sənin yanına qayıdaram, onda hər nə istəsən eləyərsən. Dediklərimə də Allah özü zamindir”.
Cin bir də and içdirib onu buraxdı, tacir də öz məmləkətinə qayıdıb, borclarını bir-bir verdi, işlərinin hamısını yerbəyer elədi. O, başına gələn əhvalatı arvad-uşağına danışdı, vəsiyyət elədi, ilin axırına kimi onların yanında qaldı; elə ki vaxt gəlib çatdı, dəstəmaz alıb namaz qıldı, kəfənini qoltuğuna vurub, arvad-uşağıyla, qonum-qonşularla, qohum-qardaşla halallaşıb naçar yola düşdü; onlar tacirin dalınca fəryad qopartdılar. Tacir az getdi, üz getdi, dərə, təpə düz getdi, gəlib həmin yerə çatdı (o gün isə təzə il girmişdi), oturub başına gələn əhvalata ağlamağa başladı, bir də gördü ki, bir nurani qoca ona yaxınlaşdı, özü də qocanın yanında boynuna zəncir bağlanmış bir ceyran da var. Qoca kişi tacirə salam verib, ona uzun ömür arzuladı, sonra da soruşdu: “Sən burada tək-tənha niyə oturmusan, axı bura cinlər məskənidir?” Tacir də qocanın cavabında ifritlə olan əhvalatı ona danışdı, ceyranın sahibi, qoca buna təəccüb eləyib dedi: “Qardaş, Allah haqqı, sən doğrudan da namuslu adamsan, danışdığın əhvalat da çox qəribə əhvalatdır, onu yazsalar, az-çox ağıllı adam gözucu oxuyan kimi ondan ibrət götürər!”
Sonra da qoca keçib tacirin yanında əyləşdi, ona dedi: “Qardaş, Allaha and olsun, sənin bu ifritlə olan əhvalatının axırını görməyincə mən heç yerə getməyəcəyəm!” Bunu deyib qoca kişi tacirin yanında əyləşdi, onlar söhbət eləməyə başladılar; qorxudan tacirin canına vəlvələ düşdü, onu vahimə basdı, o, qəm dəryasına batıb fikrə getdi, ceyranın sahibi də onun yanında idi. Birdən başqa bir qoca kişi onlara yaxınlaşdı, onun yanında iki qara tazı vardı; qoca salam verdi, salamdan sonra onlardan soruşdu: “Siz burada niyə oturmusunuz, bura cinlərin məskənidir?” Əhvalatı əvvəldən axıracan ona danışdılar; o hələ oturub yerini rahatlamamışdı ki, üçüncü qoca kişi onlara yaxınlaşdı, onun da yanında bir ala qatır var idi. Qoca kişi onlara salam verib soruşdu ki, burada niyə oturublar, onlar da əhvalatı ona əvvəldən axıracan danışdılar, - ey ağa, əhvalatı təkrar eləməyin mənası yoxdur, - bu qoca da onların yanında əyləşdi. Birdən səhradan nəhəng bir toz sütunu fırlana-fırlana gəldi, toz çəkilib gedəndən sonra məlum oldu ki, bu həmin ifritdir, özü də onun əlində siyirmə qılınc var, gözlərindən od yağır. İfrit onların yanına gəldi, tacirin əlindən yapışıb darta-darta dedi: “Dur ayağa, necə ki, sən mənim balamı, sonbeşiyimi öldürmüsən, mən də səni eləcə öldürəcəyəm!” Tacir hönkür-hönkür ağladı, qocaların üçü də zar-zar ağlayıb şivən qopardı.
Birinci qoca, ceyranın sahibi o birilərdən ayrılıb ifritin əlini öpdü, ona dedi: “Ay cinlərin tacirinə! Əgər bu ceyranla olan əhvalatımı mən sənə nağıl eləsəm, sən də mənim əhvalatımı qəribə hesab eləsən, bu tacirin qanının üçdə birini mənə bağışlarsanmı?” Cin onun cavabında dedi: “Bəli, qoca, əgər sən mənə əhvalatı nağıl eləsən, həmin əhvalat da mənə qəribə gəlsə, onun qanının üçdə birini sənə bağışlaram”.
BİRİNCİ QOCANIN HEKAYƏTİ
Belə olanda qoca dedi: “Ay cin, bil və agah ol ki, bu ceyran mənim dayım qızıdır, mənim canım-ciyərimdir. Mən onu alanda o lap cavan idi, otuz ilə qədər onunla ömür sürdüm, ancaq ondan uşağım olmadı; mən bir kəniz aldım, ondan bir oğlum oldu, bu uşaq ondörd yaşında cəlik ay kimi göyçək idi, qaşı, gözü elə qəşəng idi ki, daha nə deyim! O böyüyüb yekə oğlan oldu, on beş yaşına çatdı; bu vaxt mən bir şəhərə səfər eləməli oldum, cürbəcür mallar götürüb yola düşdüm. Dayım qızı - bu ceyran hələ uşaqlıqdan cadugərliyi, sehrbazlığı öyrənmişdi; mən səfərə gedən kimi ovsun oxuyub oğlumu buzova, kənizimi, onun anasını inəyə döndərir, hər ikisini naxırçıya verir ki, apardıqları naxıra qatsın.
Mən xeyli vaxtdan sonra səfərdən qayıtdım, nə oğlumu gördüm, nə də anasını. Belə olanda, onları dayım qızından soruşdum, dayım qızı cavab verib dedi: “Arvadın öldü, oğlun da qaçdı, hara getdiyini də bilmirəm”. Mən qurban bayramınacan qəm dəryasına batıb gözüyaşlı oturdum. Elə ki qurban bayramı gəldi, naxırçıya xəbər göndərdim ki, bir dənə kök inək gətirsin. Naxırçı da bir kök inək gətirdi (həmin inək bu ceyranın ovsunladığı kənizim imiş), mən ətəklərimi yığıb qollarmı çırmaladım, bıçağı götürdüm ki, inəyi kəsim, amma inək elə böyürməyə, zarıyıb göz yaşı tökməyə başladı ki, gəl görəsən; buna çox təəccüb elədim, inəyə yazığım gəldi. İnəyi buraxdım, naxırçıya dedim: “Get başqa inək gətir”. Bunu eşidən dayım qızı qışqıra-qışqıra inadla mənə dedi: “Bunu kəs! Mənim bundan yaxşı, bundan kök inəyim yoxdur!” Mən inəyi kəsmək üçün ona yaxınlaşdım, amma heyvan yanıqlı-yanıqlı böyürməyə başladı, işi belə görəndə mən ayağa qalxdım, inəyi kəsib dərisini soymağı həmin naxırçıya buyurdum. O da inəyi kəsib dərisini soydu, ancaq inəkdən nə ət əmələ gəldi, nə də piy - o bir dəri, bir sümük idi. Mən inəyi kəsməyimə peşman oldum, amma mənim peşmançılığımın faydası yox idi, inəyin cəmdəyini də, dərisini də naxırçıya verib ona dedim: “Get bir kök buzov gətir!” Naxırçı da gedib bir buzov gətirdi, demə bu buzov mənim oğlum imiş; buzov məni görən kimi ipi qırıb qaça-qaça yanıma gəldi, mələyə-mələyə, ah-zar eləyə-eləyə mənə sürtünməyə başladı. Ona yazığım gəldi, odur ki, naxırçıya dedim: “Get bir inək gətir, buzov qoy qalsın”. Amma dayım qızı, bax bu ceyran, mənim üstümə qışqırıb dedi: “Bu buzovu hökmən elə bu gün kəsmək lazımdır, axı bu gün əziz gündür; əziz gündə ən yaxşı heyvanı kəsərlər, buzovlarımızın içində bundan yaxşısı, bundan kökü yoxdur!”
Onun bu sözlərini eşidib cavabında dedim: “Sənin sözünə baxıb kəsdiyim inəyin necə arıq çıxdığını öz gözünlə gördün. Biz o heyvanı nahaq kəsdik, ondan heç bir fayda görmədik, onu kəsməyimə də çox peşman olmuşam, indi də, dünya-aləm yığılıb gəlsə də, bu buzovu kəsən deyiləm”. Bunu eşidən dayım qızı hirsli-hirsli dedi: “O mərhəmətli, şəfqətli böyük Allaha and olsun, bu əziz gündə sən o buzovu kəsəcəksən, yoxsa nə sən mənim ərimsən, nə də mən sənin arvadın!” Mən onun əsil məqsədini bilmirdim, odur ki, ondan bu ağır sözləri eşidəndə buzova yaxınlaşdım, bıçağı götürdüm...
Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımçıq qoydu.
Bacısı ona dedi: “Bacı can, sənin danışdığın bu əhvalat çox gözəl, çox yaxşıdır, həm xoşagələndir, həm də şirindir!”
Şəhrizad da onun cavabında dedi: “Əgər padşahın mənə rəhmi gəlsə, ölməyib sağ qalsam, sabah gecə danışacağım əhvalatın yanında bu heç bir şeydir!”
Bunu eşidən padşah özlüyündə fikirləşdi: “Vallahi ki, mən əhvalatın axırını eşitməyincə, onu öldürməyəcəyəm!”
Sonra onlar səhər gün yayılanacan yatdılar. Səhər padşah gedib ədalət taxtında əyləşdi, vəzir də kəfəni qoltuğuna vurub padşahın hüzuruna gəldi. Padşah gün batanacan ədalətlə divan elədi, kimini qulluğa götürdü, kimini qulluqdan çıxartdı, amma vəzirə heç nə buyurmadı, vəzirdə bu işə çox təəccüb elədi. Sonra da Şəhriyar şah divan işlərini qurtarıb öz otağına getdi.
Şərhlər 0
Şərh Yaz