Azərbaycancaaz
Mir.az » Bloq » Kitab qurdu olma sənəti

Kitab qurdu olma sənəti

221
Kitab qurdu olma sənəti
“1 ildə 100 kitab oxudum”, “2021-də oxuduğum 150 kitab tövsiyələri”, “1 kitabı 1 günə bitirmək” kimi başlıqlarla olan videoları yəqin ki, bir çoxumuz görmüş, hətta həvəslənmişik. Nəticədə əlimizə Tolstoy alıb 2 günə kitabı atıb kitabsız həyatımıza davam etmişik. Sonra kitab qurdlarının kitab dolu sözlərinə, çoxlu kitab oxumalarına həsrətlə baxmışıq. Bəli, bunu çoxumuz yaşamışıq. Bu yazımda sizlərlə ilk öncə kitab oxumaq sənəti, daha sonra effektiv və sürətli oxumaq sənəti haqqında tövsiyə, təcrübə və balaca challange paylaşacam.

İlk öncə necə kitab oxuyaq? Bəzi insanlar əllərinə kitab belə götürüb oxumaq istəmirlər, o ki qaldı effektiv və sürətli oxumaq. Bunun isə bəzi səbəbləri var:

1..Maraq dairəsində olmayan kitablar oxumayın.

Siz bir humanitarsınızsa, süni intellekt və robotlarla bağlı kitab oxumaq istəməməyiniz normaldı, özünüzü məcbur etməyə, “bu ilin dəbidir, beyinlilər oxuyur, mən də oxuyum” deməyə ehtiyac yoxdur. Əlbəttə ki, dövr hər tərəfli və məlumatlı olmağı tələb edir. Lakin bu o demək deyil ki, sizə maraqsız olan mövzuları oxuyub özünüzü kitab oxumaqdan iyrəndirəsiniz. Xüsusilə kitab oxumaqda ilk səviyyələrdəsinizsə, sizə maraqlı gələn (macəra, roman, fantastik, romantik, fərqi yoxdur) kitablardan başlayın.

2. “50 shades of garbage” oxumayın.

Maraqlı kitab mənasız kitab demək deyil. Yeniyetməliyimdə mən də mənasız kitablar oxudum, vaxtım və kitaba kəsilən ağaclara yazığım gəlir indi. Özəlliklə “pis oğlan, yaxçı qız” kitablarından qaçın. Vallah romantik kitab onlar deyil.

3. Oxumaqda məqsədli olun.

Kitabı niyə oxuyursuz? Bir dostunuz tövsiyə edir, nə vaxtsa almısınız qalıb, sevdiyiniz filmin kitabıdır, orada sizə maraqlı gələn nəsə var, kitabda sizə lazımlı məlumatlar var, işdən gəlib yorğun olursunuz və əylənməli kitab oxumaq istəyirsiniz? Bunu müəyyən edin, əlimə keçdi oxuyum deməyin.

4. Müəllifi, kitabın rəylərini oxuyun.

Müəllifi sevəndə, həyat hekayəsi maraqlı gələndə insan daha da oxumağa həvəslənir. Kitabın rəyləri isə söhbətin nədən getdiyinə dair sizi məlumatlandırır. Beləcə əvvəldən həyəcanlı olursunuz.

Düşünürəm ki, kitab oxumağa səbəbləriniz var artıq, indi effektiv və sürətli kitab oxumağa keçək.

1..Müəyyən kitabı müəyyən yerdə oxuyun.

Əyləncəli, macəralı kitabları yolda, qonaqlıqda, maraqsız yerdə oxumağınız əladır. Lakin belə yerlərdə elmi, dili ağır kitablar oxumağınız diqqətinizi yayındıracaq, oxuduğunuzu anlamayacaqsınız.

2. Ümumi məzmun xırda detallardan daha vacibdir.

Kitabdaki filankəsin hansı il, hansı ay, harada doğulduğu, otağının təsviri necə olduğu yəqin ki, sonra yadınızda qalmayacaq, ona görə ora göz gəzdirib keçin.

3. Prossesə vaxt qoyun.

Əgər gündə 1 saat kitab oxuyacaqsınızsa, o 1 saatda telefonu atın, qapını bağlayın, özünüzü təcrid edib o kitabı oxuyun. Sistemli oxumaq=sürətli oxumaq.

4. Hər sözü oxumayın.

Bu da 2-ci maddəyə yaxındır. Hər sözü yox, məzmunu anlamağa çalışın.

5. Fasilələr edin.

Gündəlik 2-3 saat kitab oxuyursunuzsa sıxılmamaq üçün aralarda dincəlin. Və ya 1 kitabı bitirdikdən sonra özünüzə 1 gün vaxt verin.

6. Qeydlər aparın.

Oxuduqca önəmli saydığınız yerləri işarələyin, sonra təkrar oxuyun. Beləcə ağlınızda daha yaxşı qalacaq.

7. Səsli oxuyun.

Bu hamımızın bildiyi, amma görüb keçdiyi amildir. Səsli oxuyarkən həm effektli, həm sürətli oxumuş olur, həm də intonasiyalı oxuma qabiliyyətini qazanırsınız.

8. Nəticədən çox prossesə köklənin.

Bitirmək üçün oxumayın, oxumaq üçün bitirin.

9. Oxuduğunuz kitabdan nəticələr çıxardın.

1 kitabı qurtardınız deyək, daha sonra təhlil yazın, nələr öyrəndiniz, nələr vacib idi və s. Bu prossesdə qeydləriniz sizə kömək olacaqdır.

Hə, bir az özünüzə qeydlər apardınızsa, keçək challenge-a. Artıq 2022 gəlir, yeni ilə yeni mən prinsipi ilə oxumaq istədiyiniz kitab siyahısını çıxardın. Hələ 40 gününüz var, vacib bildiyiniz, çoxdan arzuladığınız kitabların siyahısını çıxardın. Gəlin, ilə 50 kitabla başlayaq. Siyahınıza 50 kitab əlavə edin və 2022-yə önəmli vərdiş qazanın – kitab qurdu olmaq sənəti!


Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz