Cəmiyyətin inkişafını planetin üzərində o tərəf-bu tərəfə hərlənən insanlar təyin edir. Öz səviyyəsində hər kəs özünü böyük bilir əksərən. Buludların hündürlüyünə demirəm ortabab dağ səviyyəsinə qalxıb aşağı baxsaq, insanların böyüklüyü qarışqa qədər olacaq. Amma onların səviyyəsinə - doğal səviyyəmizə endikdə anlamış olursan ki, bu onlar üçün belə deyil, hətta öz güclərindən daha artığını edən insan Tanrının ən ideal varlıqlarından biridir.
Ancaq insanlar arasında qadın və kişi bölgüsü olması onların funksiyalarını da dəyişdirir, fərqli edir. Qadın cəmiyyətin mental dəyərlərinin işıqlı günlərə sürətli axınını təmin edən tərbiyəverici, tərbiyəedici varlıqdır. Qadın yalnız tərbiyə vermir, tərbiyəni formalaşdırır, mədəniyyəti ucaldır, əsasını təşkil edir. Qadın incəsənətlə birbaşa bağlılıq təşkil edir. İncəsənət incəlik, mədəniyyət zəriflik tələb edir. Ümumiyyətlə, bu həyatda ağlımıza gələn ən gözəl şeylər yüksək həssaslıq, duyğusallıq istəyir və sadaladığım xüsusiyyətlərin üzərində qurulmuş nəsnələrdi.
Tanrının yer üzünə bəxş etdiyi qadın ən gözəl əməllər, işlər üçün nəzərdə tutulub. Qadın kişini kultivasiya prosesindən keçirən ən önəmli Tanrının əl işidir. Cəmiyyətin ilkin mərhələsində - İbtidai icma quruluşunda ev işlərində, ailənin həssas tərəflərinin qorunmasında qeyri-iradi olaraq ataxaqanlığı ilə başlasa da, sonda anaxaqanlıq(matriarxat) ilə əvəz olundu. Qısası Kişi sərtliyin, ağırlığın, sahiblənmək istəyinin xüsusiyyətlərini özündə daşıyır, qadın isə əzizlənməyin, zərif duyğuların daşıyıcısı kimi məlahətli simaya daha uyğun mahiyyət qatır.
Ancaq psixoloji qatlara nəzər yetirəndə pərakəndəlik alır başımızın üzərini. Qadın və ya qız olmağın müxtəlif psixoloji aspektlərini başa düşmək bizə cəmiyyətin qadınlara necə münasibət göstərdiyini, qadınlardan gözləntiləri, hər hansı problemli stereotipik gender rollarını və bu sahələrin qadınların ümumi psixi sağlamlığına necə təsir göstərə biləcəyini anlamaq üçün çox vacibdir. Bu səbəbdən qadınlar tarixən ən böyük təzyiqə, əziyyətə məruz qalıblar. Tənha yaşamağın qorxusu, psixoloji, fiziki şiddətin qurbanı olmaları onların hüquq azadlıqlarını daim gündəmə gətirmişdir.
Qadın psixologiyası ən mühüm məsələlərdən hesab olunur və olunmalıdır:
1925-ci ildə Ziqmund Freyd qadınların “dəyişikliyə qarşı olduqlarını, passiv şəkildə qəbul etdiklərini və özlərindən heç nə əlavə etmədiklərini” ifadə edən bir məqalə nəşr etdi. Bu fikirlər o zaman da mübahisəli idi, lakin onun yaxın tərəfdaşlarından biri, Karen Horni adlı başqa bir psixoloq onun qadın psixologiyası ilə bağlı fikirləri ilə razılaşmadı.
Onun araşdırması, kişi və qadın davranışları arasındakı fərqlərin təbiətdən fərqli olaraq cəmiyyətin və tərbiyənin nəticəsi olduğunu irəli sürdü. O, həmçinin narahatlığın əsas səbəblərini müəyyən etmək üçün xəstələrlə işləmiş, onları xəstənin uşaqlığına baxmaqla yanaşı, real həyat problemləri ilə işləməyə təşviq etmişdir. Freydin fikirləri ilə razılaşmaqdan imtina etməsi onun şöbəsini Nyu York Psixoanalitik İnstitutundakı rolundan uzaqlaşdırmasına səbəb olsa da, Horninin təcrübələri bu gün də psixologiya və psixiatriyada istifadə olunan bir çox terapevtik yanaşmalara təsir edir.
Ancaq bu məsələdə Z.Freydin yanaşması daha real səslənir, nəyinki Horninin, çünki kişi və qadın arasındakı fərqlərin sırf olaraq cəmiyyətlə bağlı olması uzunmüddətli proses deyil və mütləq bir yerdə fərqin diktəsi özünü bariz şəkildə ələ verəcək. Bu gün psixoloqlar qadınların dünyanı kişilərdən fərqli yaşaya biləcəyini təklif etməyə davam edirlər, çünki patriarxal cəmiyyətin onlara cinsiyyətə görə təbii müxtəlifliklərdən fərqli olaraq, necə təsir etdiyinə görə gender, maaş fərqi və ya qadınların əsas qayğı göstərənlər olması kimi müxtəlif iqtisadi və sosial tərəflər ola bilər. Bunlar sistemli cinsiyyətçilik nümunələridir.
Qadınların kişilərlə müqayisədə təcrübələrini araşdırarkən, mütəxəssislərin “kişilər və qadınlar arasındakı bütün fərqlərin nevroloji fərqliliyin birbaşa nəticəsi olduğuna dair cinsiyyətçi fərziyyə” kimi təsvir edilən “neyroseksizm” adlandırdıqları şeyi öyrənmək faydalı ola bilər. Başqa sözlə desək, neyroseksizm cinslərin nevrologiyasındakı bioloji fərqlərin xarakter və davranış fərqlərinə səbəb olduğuna dair qeyri-dəqiq inancdır. Hazırkı nevroloji tədqiqatlar cinslər arasında qəti beyin fərqlərini göstərmir. Qadınlar və kişilər eyni idrak və sinir qabiliyyətinə malikdirlər.
Bu elmi səhv 19-cu əsrdə tədqiqatçılar bir qadının orta beyninin orta kişi beynindən beş unsiya az olduğunu aşkar etdikdən sonra başladı. Ancaq indi bilirik ki, beyin ölçüsü bədən kütləsindən qaynaqlanır və zəka ilə əlaqəli deyil. Bundan əlavə, bir araşdırma “uşaqların ilk rəqəmsal qabiliyyətlərində heç bir daxili cinsi fərq olmadığını” tapdı. Buna görə də, yetkinlik mərhələsində cinslər arasındakı fərq çox vaxt mədəni təsirlər və sosial şəraitlə izah edilə bilər.
Sidney Biznes Məktəbi Universitetinin dosenti Stefan Volk araşdırmasında qeyd edir ki, kişi və qadınların sistematik olaraq fərqli seçimlər və qərarlar qəbul edib-etməməsi sualı psixoloji tədqiqatda ən fundamental (və mübahisəli) suallardan biridir.
“Biz gördük ki, kişilər qadınlardan daha çox eqoist və ya fədakar davranaraq, çox güvənən və ya çox inamsız, ədalətli və ya ədalətsiz, riskli və ya riskdən çəkinən və ya çox eqoist davranırlar”.
Bunlar məsələnin psixoloji tərəfləridir. Çətin deyil anlamaq ki, qadınların daxili aləmi Qərbdə mürəkkəbləşdirilir, onların mahiyyətinə fəlsəfi don geydirilir. Məs: “Qadını danışmağa məcbur etmək üçün min üsul var, ancaq onu susmağa məcbur edən üsul yoxdur”. (Giyom de Buşe),
“Qadın hökmdarlıq edir, amma idarə etmir”. (D.Jirarden), “Qadının sizdən məsləhət istəməsi o demək deyil ki, sizin məsləhətinizə ehtiyacı var, o, sadəcə, özünə həmsöhbət axtarır”. (Onore de Balzak) və s. İslam dinində isə bu məsələyə fərqli tərəfdən yanaşılır. Qadınlara yazılan şeirlərin də əksəriyyəti Şərqdə yazılıb. Bu da Şərq kişilərinin qadınları əzizləmə formasıdır. Ümumiyyətlə, Şərq dəyərlərində qadına həssas, zərif yanaşma diqqət çəkir. Qərbdə isə qadın incəliyi, müqəddəsliyi anlayışı məlum məsələdir ki, Şərq pilləsində deyil. Qısqanclıq kimi əlamətlərin də mayası bu kimi duyğu növlərindən yaranır. Amma bunlarla bərabər İslam dinində kişilərin aparıcı mövqeyi daim önə çəkilmiş, kişinin zəhmətinin dəyəri yüksək qiymətləndirilmişdir. Bu mənada İslam dinində kişilərin qadınlar qarşısında məsuliyyətinin daha uca tutulması yersiz, banal düşüncə sahibləri tərəfindən yanlış yozulmamalıdır.
Peyğəmbərimiz vida Həccindəki xütbəsində (s.a.v.): “Ey insanlar! Qadınlar haqqında Allahdan qorxun! Sizin qadınlarınız üzrərində haqqınız vardır.” Buyurmuşdur. Bu mövzuda bir çox hədislər də bu günümüzə qədər gəlmişdir: “Xanımlarınızı incitməyin. Onlar, Allahu Təalanın sizə əmanətidir. Onlara qarşı yumşaq olun, yaxşılıq edin!”
Çox təbii ki, bu fikirlər, dəyərlər, yalnız xanım adını layiqli daşıyan qadınlar üçün keçərlidir. Son dövrlər dünyada qadın dəyərlərinin aşağı düşdüyü planetdə gün keçiririk. Bu gün öz milli-mənəvi dəyərlərinə xilaf çıxanlar Qərb istiqamətinə yönəlməyə çalışırlar. Bizim üçün qeyri-adi görünən qeyri-əxlaqi duruşlar, artıq əxlaqi görünür və belə hesab olunur ki, cəmiyyət inkişaf edir. Əgər inkişaf varsa, deməli əxlaq əldən getməsinə də azad yanaşma sərgilənməlidir. Əlbəttə, bu düşüncələr Qərb təfəkkürünün məhsullarıdır.
Ümumilikdə isə istər qadın, istərsə də kişi xarakterləri xaotik hala gətirilməməlidir. Məndən bu qədər, yenə də özünüz bilərsiniz.
Elmir Həsən
Qərb Kişilərinin Qadın Zərifliyinə Apatiyası
Şərhlər 0
Şərh Yaz