"Axı yeni iş ondan adət etdiyi çərçivədən kənara çıxmağı, düşüncəsini işə salmağı, öhdəsinə daha artıq məsuliyyət götürməyi tələb edirdi. Bu yeni iş onun qarşısın da fərqli tərəqqi üfüqləri açırdı. Ancaq bu yeni üfüqlər Akakini çox qorxudurdu. Akakinin sırf özünə etimadsızlıqdan qaynaqlanan insan qorxusu, məsuliyyətdən qaçması, özünə etimadsızlığı onun həm maddi, həm də mənəvi aləmində öz təsirini qoymuşdu. Maddi cəhətdən kasıb olan Akakinin mənəvi həyatı da fəqir və monoton idi. Qəhrəmanın həyatının amalı yalnız başını qatdığı işi idi.
Axır ki , gözlənilən an gəlir. Akaki özünə həyatının mənası bildiyi bir şinel tikdirir. Əsər Akakinin böyük çətinliklə əldə etdiyi bahalı şinelin oğurlanması ilə davam edir. O, şinelin tapılması üçün müxtəlif məsul şəxslərə müraciət edir. Ancaq öz departamentindəki uzunmüddətli və nöqsansız işinə baxmayaraq, Akaki heç bir məsul şəxs üçün əhəmiyyət daşımırdı. Ona görə də Akakiyə yardım edilmir. Akaki özünə və ətrafındakılara etimadsız halda, gözəgörünməz qılıqda yaşayırdı : Öz istedadını boğaraq, qorxaraq... Belə insanlar cəmiyyətdə heç kəsə lazım deyil. Hətta yoldaşları Akakiyə məsxərə ilə yanaşırdılar. Cəmiyyət şücaətli, məsuliyyətli, aradabir səhv etsə belə, naümid olmayan, qətiyyətli şəxsləri sevir. Məhz buna görə də cəmiyyətdə heç bir hörməti olmayan Akakiyə heç kim kömək etmək istəmirdi. Bütün bu baş verənlər Akakiyə çox pis təsir etmişdi. Bir müddətdən sonra o, xəstələnir və çox keçmədən dünyasını dəyişir.
Mühüm vəzifələri üzərinə götürməkdən qorxmaq, özünü aciz və cılız hesab etmək, diqqət mərkəzində olmaqdan çəkinmək kimi hallar insanın ictimai və mənəvi ölümü ilə nəticələnir. Qoqolun bu əsərində həyatın həqiqətini özündə əks etdirən bir kinayə var : Həyatda bir çox insanlar balaca insanlardır.
"Heç kəsə zərər vurmaq istəməyən, heç kəsin işinə mane olmayan, başı öz işlərinə qarışmış “qarışqa insanlar". Bu qarışqa insanlar zəhmətkeş olurlar. Bütün fikirləri yalnız işlərini layiqincə, sevərək, heç bir əvəz gözləmədən icra etməkdən ibarətdir. Qarışqa insanın qarışqa həyatında özünəməxsus arzuları, planları və qaydaları var. Özünü başqa cür təsəvvür belə edə bilmir. Onun ehtiyacları da özü və həyatı kimi çox cılızdır. Bu ehtiyaclar digərlərinə görə əhəmiyyətsiz görünsə də, onun üçün çox böyük məna daşıyır. Qarışqa insanlar bu cür həyat tərzinə, öz məhdud düşüncələrinə, zəif xasiyyətlərinə görə məhz qorxularına borcludurlar.
Güclü və böyük insanlar bəzən öz davranışları ilə özlərinə görə dəyərsiz olan, lakin qarışqa insanlar üçün böyük məna kəsb edən şeyləri məhv edərlər. Belə anlarda xəyalları əlindən alınmış qarışqa insan iztirab çəkər, həyatı məhv olar. Qarışqa insanı qarışqa edən, əslində, batini aləminin kiçikliyidir. Çünki o, böyük aləmə əlində əsir olduğu qorxularının məhdudlaşdırıcı, dar çərçivəsindən baxır..."
Yazı Rövşən Abdullaoğlunun "Qorxular" kitabından götürülmüşdür.
Qoqolun əsərlərini, xüsusən də, Akaki Akakiyeviçin hekayəsini oxuyanlar var ? Bəs siz onun xarakteri və həyatı barədə nə düşünürsünüz ?
Akakini xəstəliyə və ölümə sürükləyən əsas səbəb nə idi ?...

Həyat ya cəsur bir macəradır, ya da heçnə