Azərbaycancaaz
Mir.az » Bloq » Uşaqlara kitab oxumağı necə sevdirmək olar? Kitab oxumaq vərdişi

Uşaqlara kitab oxumağı necə sevdirmək olar? Kitab oxumaq vərdişi

540
Uşaqlara kitab oxumağı necə sevdirmək olar? Kitab oxumaq vərdişi
“Yaxşı bir kitab, yaxşı bir dostdur.” – deyirdi ispaniyalı yazıçı Baltazar Qrasian. Uşaqların həyatında dostlarının olması nə qədər vacibdirsə, kitabların da uşaqların dostu olması bir o qədər vacibdir. Uşaqların inkişafında kitabların rolu əvəzedilməzdir. Psixoloqların fikrinə görə mütaliə ilə məşğul olan uşaqlar zehni inkişafı – qavrama qabiliyyəti, təfəkkür və təxəyyülünün inkişafına görə digərlərindən seçilirlər. Buna görə də uşaqlarda kitablara maraq və kitab oxumaq vərdişini yaratmaq lazımdır. Bəs uşaqlarda bu vərdişi necə yaratmaq olar?

Uşaq dünyaya göz açdığı andan etibarən ətrafında gördüyü insanları, əşyaları və s. ni öyrənir və onların təsiri ilə onun psixikası formalaşır, xarakteri,maraqları yaranmağa başlayır. Buna görə də əgər övladımızda kitab oxumaq vərdişini yaratmaq istəyiriksə bunu kiçik yaşlarından başlamaq lazımdır. Valideynlər uşaqlara yatmazdan əvvəl kitab oxumaqla bu vərdişi aşılamağa başlaya bilərlər. Yatmazdan əvvəl uşaqlara kitab oxumaq onların ruhu sakitləşməsinə və yuxuya getməsinə də yardımçı olur. Ona görə də hər gün yatmazdan əvvəl kiçik uşaqlara 10-15 dəqiqə maraqlı kitab, hekayə oxumaq lazımdır. Bundan əlavə, nisbətən böyük, 3-5 yaşlı uşaqlar üçün “birlikdə kitab oxuma saatları” təşkil etməklə onlarda kitablara məhəbbət yaratmaq olar.

Balaca uşaqlara kitablar oumaq onların inkişafına müsbət təsir göstərir. Aparılan müşahidələrə görə kitab oxunmuş uşaqlar məktəbə başlamağa hazır olurlar. Belə ki, onlar məktəbə başladıqdan sonra sürətli öyrənə bilirlər. Uşaqlara kitab oxumaq onlarda emosional inkişafı, fikirləşmə və yaradıcıllıq bacarığını inkişaf etdirir. Əksər valideynlər uşaqlara kitab oxumurlar. Belə olan halda uşaqlar sadecə cizgi filmi izləməklə kifayətlənirlər. Unutmaq olmaz ki, cizgi filminə baxmaqla uşaqlar yalnız hazır olan məlumatı mənimsəyirlər. Lakin onalara kitab oxunduqda uşaqlar dinləyir və eşitdiklərini beynində obrazlarla canlandırırlar. Bu da uşaqların təxəyyülünü, duygularını inkişaf etdirir. Kiçik uşaqlara kitab oxuyarkən şəkilli kitablara üstünlük vermək lazımdır. Belə kitablardakı şəkillər obrazları yaratmaqda uşaqlara daha çox yardımçı olur.
Kitab oxumaq bir vərdişdir. Valideynlərin öhtəsinə düşən isə uşaqlarda bu vərdişin yaranmasına köməklik göstərməkdir.Vərdişlər isə davamlı təkrarların nəticəsində yaranır. O qədər vaxtadək bu təkrar olunmalıdır ki, artıq uşaqda maraq yaranır və o, bunu özü istəyərək edir. Valideynlər kitab oxumaq vərdişinin yaradılması üçün aşağıdakı üsullardan istifadə edə bilərlər.

Hər şeydən əvvəl əgər valideynlər uşaqlarının kitabları sevməsini istəyirlərsə onda özləri də kitabları sevməlidirlər. Valideynlər evdə “kitab oxuma saatı” tərtib edə bilərlər ki, bu vaxt hamı mütaliə ilə məşğul olmalıdır.Uşaqlar üçün belə mühitdə kitab oxumaq daha maraqlı olur. Valideynlərinin kitaba sevgisini görən uşaqlar da kitabı sevir və həvəslə oxuyurlar. Kitabı oxuyub bitirdikdən sonra oxunan kitabı birlikdə müzakirə etmək uşaqların mütaliəyə marağının artması ilə yanaşı valideynlərlə uşaqlar arasındakı münasibətlərin daha sıx olmasına şərait yaradır.
Uşaqlarda kitabı oxuma mədəniyyətinin yaradılması da vacib nüanslardan biridir. Kitabı oxuyan zaman oradakı maraqlı fikirləri seçib bir vərəqə yazmaq və ya altından xətt çəkmək uşağın kitaba marağını bir az da artırır. Kitab oxumaqla uşaqların söz ehtiyyatı artır və onlar öz fikirlərini düzgün çatdıra bilirlər. Kitablar uşaqların nitq qabiliyyətini inkişaf etdirir. Buna görə də əksər hallarda kitabların səsli oxunması məsləhət görülür. Bu xüsusən məktəbli uşaqlara aid edilir.
Uşaqlarda kitab oxumağa həvəs yaratmağın bir üsulu da evdə kitab guşəsi düzəltməkdir. Bu guşədə oxunan kitablar, jurnallar yerləşdirilə bilər. Uşaq üçün otağında onunla birlikdə balaca bir kitab rəfi də düzəltmək olar. Uşaqla birlikdə müntəzəm olaraq kitab mağazalarına və kitabxanalara getməklə də uşaqlarda kitab oxumağa maraq yaratmaq olar. Kitab mağazasında uşağın bəyəndiyi, zövqünə uyğun kitabı almaq da onu kitab oxmağa həvəsləndirə bilər. Bu eyni zamanda uşaqlarda kitab seçmə qabiliyyətini inkişaf etdirir. Valideynlər uşaqla birlikdə onun kitabı üşün əlfəcin hazırlaya bilərlər. Bu həm uşağın valideynlə yaxşı vaxt keçirməsi, həm də uşağın kitabı səliqəli saxlaması üçün əvəzolunmazdır. Kiçik uşaqlar üçün kitab seçdikdə onun çox da qalın olmamasına da diqqət yetirmək lazımdır. Belə ki, qalın kitablar uşağı yorur. Bu onun oxuma həvəsini aşağı sala bilər.
Mütaliə uşaqlar üçün çox vacibdir. Valideynlər bunu nəzərə almalıdırlar. Valideynlərin boş vaxtlarında kitablar oxuması bunu görən uşaqların da kitab oxumaq həvəsini artırır. Buna görə də biz çalışmalıyıq ki, boş vaxtlarımızdan səmərəli istifadə edək. Biz metroda, avtobustda kitab oxumaqla ətrafımızdaki insanlarda da kitab oxumağa həvəs yarada bilərik. Gəlin birlikdə kitabı sevək və oxunması üçün bizi gözləyən kitabları birlikdə oxuyaq.


Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz