Azərbaycancaaz
Mir.az » Bloq » Kiçik qəlbə böyük ağrılar - Şirin portağal ağacım

Kiçik qəlbə böyük ağrılar - Şirin portağal ağacım

427
Kiçik qəlbə böyük ağrılar - Şirin portağal ağacım
Yoxsulluq gəlir bölgüsünün və “varlı” qismin bu qədər çox göz qabağında olduğu dövrdə daha çətin, daha ağır vəziyyətdir. Günümüzdə həyat standartları insanları daha çox pul qazanmaq məcburiyyətində qoyur və zaman keçdikcə həyatdan həzz almamağa başlayırıq. Artıq xoşbəxtlik yox olur. Xoşbəxt ola bilmədiyimizə görə deyil, xoşbəxt olmaq istəmədiyimizə görə xoşbəxt ola bilmirik. Bu həyatlar içimizdən bir insan üçün hekayə halına gəlir və bir insan çıxıb bu həyatları qələmə alır. Oxuduğumuz bəzi kitablarda həyatımızdan bir parça ilə rastlaşmırıqmı bəzən?!

Joze Mauru de Vaskonselus – Braziliyanın yoxsulluğunu iliklərinə qədər yaşamış bir yazıçı. O, yoxsulluğu və heç bir şeyə sahib olmadan keçən uşaqlıq ilərini çox yaxşı bilən biri idi. Dediyinə görə, 12 günə qələmə aldığı, amma 20 il içində saxladığı kitabında da çox aydın görünür: “Şirin portağal ağacım” kitabı. Ya da hər kəsin bildiyi adı ilə “Şeker portakalı”. Kiçik bir uşağın gerçək kədərlə tanış olmasını mövzu alan bu kitab dünyaya təsir etməyə davam edir.

“Uşaqdır, nə başa düşəcək?” – bu cümləni nə qədər çox eşidirik.

O ki uşağın qayğısına qalınmaz, dinlənilməz, bir kənara atılar ha, “uşaqdır, boş ver” deyilib keçilər. Bu kitab böyüklərə uşaqların necə incə ruha və dərin düşüncələrə sahib olduğunu xatırladır. Ən azından mən bir daha xatırladım.

Çox incəliklərə toxunmadan romandan bəhs etmək istəyirəm sizlərə. Romanımızın baş qəhrəmanı Zeze 5 yaşında olan, amma məktəbə gedə bilmək üçün 6 yaşlı kimi görünən, xəyalları dünyadan daha böyük olan balaca bir uşaqdır. Oxumağı öz-özünə öyrənən, yeni məlumatlar öyrənmək üçün tez-tez dayısı ilə danışan, yeni yerlər kəşf edən, məktəbdə çox yaxşı oxuyan, birini incitdikdə könlünü almağı çox yaxşı bacaran, yaşıdlarından hər cəhətdən daha üstün olan, ailədə tez-tez döyülən və dəcəl bir uşaq… O bizə adi gələn şeyləri xəyalında formalaşdırıb öz dünyasını yaradırdı. Qəhrəmanımız Zeze bizə özünü elə sevdirir, elə öyrəşdirir ki, artıq empatiya sərhədini keçib birbaşa Zeze oluruq. Vaskonselusun dediyinə görə, həyatından izlər daşıyan bu obrazla yoxsulluğu iliklərimizə qədər hiss edir, olmayan imkanlara görə yeni şeylər xəyal edib, onun danışdığı kimi danışır, onun kimi düşünürük.

Hadisələr işsizliyinə görə mənəvi problemlər yaşayan ata və ailənin məsuliyyətini üzərinə götürmüş qardaş və bacılar ətrafında cərəyan edir. Ana obrazına isə çox az rast gəlinir, çünki ana ailənin dolanışığını təmin etmək üçün işləmək məcburiyyətindədir və uşaqlarına ayıracaq vaxtı heç yoxdur. Qısaca desək, ailə üzvləri Zezeni başa düşməkdən çox uzaqdır.

Zezenin məhəlləsindəki insanların etdiyi, çox vaxt zərər verəcək həddə çatan zarafatlar, dəcəlliklər əslində təklik və sevgisizlik hissindən qaynaqlanırdı, amma o, ətrafındakı insanların dediyi kimi, özünü “şeytanın övladı” sayırdı. Pis uşaq olduğuna inanırdı. Qəlbindəki sevgi aclığını bağlamaq üçün xəyalında yaratdığı dostları var idi. Bunlardan biri yarasa, digəri isə yeni köçdükləri evin bağçasında olan balaca portağal fidanı idi. Heç kimin bəyənmədiyi balaca bir portağal fidanı…

Zezenin ətrafında ailəsi ilə yanaşı bir neçə obraz da gözə dəyir ki, bunlardan biri Edmundo dayı və Zezenin müəllimidir. Edmundo dayı Zezeni axtardığı sevgi ilə təmin etməsə də, ona bəzən pul verir və yeni şeylər öyrədirdi. Müəllimi isə, deyilənlərin əksinə, Zezenin çox mükəmməl bir uşaq olduğunu söyləyirdi.

Bir müddət sonra isə küçə musiqiçisi ortaya çıxır. Zeze bu musiqiçi ilə birlikdə küçə-küçə gəzir və mənasını anlamadığı, lakin əzbər bildiyi mahnıları oxumağa başlayır. Bu mahnıların mənası açıq-saçıq olsa da, Zeze bunu anlamırdı. Bir gün atasını xoşbəxt etmək üçün oxuduğu bir musiqi parçası ona mənanı açıqlamışdı, çünki bir musiqi parçası onun yaxşıca döyülməsinə kifayət etmişdi. Atası ona küçə musiqiçisi ilə əlaqəsini kəsməsini demiş və danlamışdı.

Zeze həyatındakı ən gözəl dostunu yenə bir dəcəlliyi vasitəsilə tapır. Bu daha böyük bir oyun idi. Hərəkət halında olan maşının arxasından tutub, küləyi və sürəti hiss etmək və ya, onun deyimi ilə, “yarasa” olmaq… Portuqal olan Manuel Valadaresin bahalı maşını və bu işin çətinliyi Zezenin istəyini daha da artırır və iş başında olarkən tutulur. Portuqanın onu tutub arxasına ilişdirdiyi şillə onu bütün məhəlləyə rüsvay etmiş və qəlbində böyük nifrət yaratmışdı. Sonradan isə Portuqa ilə yaxından tanış olma fürsətinə sahib olur və onlar bir-birinə qəlbdən bağlanır. Atasının onu çox pis döydüyü bir gündə intihar düşünən balacanı məhz Portuqa fikrindən döndərir. Zeze artıq Portuqanın oğlu olmaq və onu övladlıq götürməyini istəyir, lakin Portuqanın ömrü buna yetmir. Keçirdiyi dəhşətli qəza Zezeni sevimli dostundan əbədiyyən ayırır. Portuqanın ani ölümü Zezeni həyatdan qoparır. Yaşadığı kədər onu xəstə salır. Daxilində böyük bir savaş başlamışdı artıq Zezenin. Bu bir neçə gün Zezenin böyümə müddəti olmuşdu. Xəstə olduğu müddət ərzində sevimli portağal fidanı çiçəkləmişdi, lakin artıq Zezeni nə portağal ağacı, nə də başqa şeylər maraqlandırırdı. Çünki yaşadığı kədər və ağrı artıq onu böyütmüşdü…

Kitab superqəhrəmanların olduğu, xoşbəxt sonların yaşandığı, hər şeyin düzəldiyi bir hekayəni deyil, bütün çılpaqlığı ilə həyatı göstərir. Həyatı birəbir göstərir. Qurulan xəyalların necə bir anda əlimizdən uçub getdiyindən, planların gərəksiz olduğundan, ən çox sevdiyimiz şeyin əlimizdən necə bir anda gedə bildiyindən, qısaca, həyatdan danışır.

Həyatımız boyunca bir çox kitablar oxuyacaq və bir çox hisslər yaşayacağıq, lakin bu kitabı oxuyarkən keçirdiyimiz hissləri əvəz edəcək çox nadir kitablar olacaqdır. Çünki bu əsəri oxuyarkən baş qəhraman biz olduq. Zezeni canlandırdıq və onun hər hissini qəlbimizdə yaşadıq. Artıq bilirik. Uşaqların nə pula, nə oyuncağa, nə də başqa bir şeyə ehtiyacı var. Sadəcə sevgi. Axı sevgi hər yaranın məlhəmidir…

Son olaraq Zezenin Portuqaya son etirafın sizlərlə paylaşmaq istəyirəm.

“İllər keçib, əzizim Manuel Valadares. Bu gün 48 yaşım var və bəzən keçmişin həsrətini çəkirəm, bu zaman elə bir hiss yaranır ki, sanki mən hələ də uşağam. Sanki birdən qarşıma çıxıb, mənə film aktyorlarının şəkillərini və ya şüşə toplar gətirəcəksən. Həyat sevgisini mənə öyrədən sən olmusan, əziz Portuqam! Bu gün artist şəkilləri və şüşə topları paylamaq sırası məndədir, çünki həyatın elə də böyük dəyəri yoxdur. Bəzən sevgimlə xoşbəxtəm, bəzən də yanılıram, bu daha çox olur.

Həmin vaxtlar, bizim vaxtlarımızda, mən bilmirdim ki, illər əvvəl bir axmaq şahzadə mehrabın qarşısında diz çöküb yaşlı gözlərlə söyləyəcək: “Belə şeyləri uşaqlara niyə danışırlar?”

Əslində, əzizim Portuqa, sadəcə mənə çox erkən danışıblar belə şeyləri.

Əlvida!”

Ümidvaram, hər kəs bir gün bu kitabla rastlaşar və əsl ağrını kəşf edən balaca bir uşağın hekayəsi ilə tanış olar.

Kitabı Yüklə


Şərhlər 2

Şərh Yaz
  1. Ayten Raqimova
    Ayten Raqimova
    İdarəçi
    Oxuduğum ilk kitablardan biridi.
  2. Namiq Qenberov
    Namiq Qenberov
    Qonaq
    Kitablar maraqlıdır. Mumkun olduqu qeder oxumaqa çalısacaqam. Bu mənə ilham verir...

Şərh Yaz