Səbr Edib Doğru İnsanları Tapmaq
Əslində cəmiyyət olaraq, millət olaraq içimizdə pis insanlar çox azdır. Sadəcə pisin təsir gücü daha yüksəkdir deyə, tez-tez "ə, bizim millət belədir" deyə ümumiləşdiririk.
Məsələn, hər 10 məmurdan biri ölkəni talasa, büdcədə pul qalmaz.
Ya da insan münasibətlərindən nümunə çəkim: tutaq ki, gəlib 10 nəfərə desəniz ki, "mən bu şeyi xoşlamıram." Onların 9-u bunu nəzərə alacaq, etməyəcək. Amma o bir nəfər var ha... O, inadla, bilərəkdən həmin nöqtəni tapacaq, gələcək, gedəcək və sizi dəfələrlə o zəif yerdən vurmağa çalışacaq.
Siz onu başa salmaq üçün nə qədər izah etsəniz də, faydasız olacaq. Çünki hər izahınız, hər güzəştiniz onun üçün yeni fürsətə çevriləcək. O, sanki bir oyun oynayır: susduqca daha da cəsarətlənəcək, səbr etdikcə daha dərinə sancılacaq.
Bir müddət sonra özünüz də hiss edəcəksiniz: enerjiniz tükənir, insanların içindəki yaxşılığa olan inamınız sarsılır. Ətrafınızda 100 yaxşı insan olsa belə, gözünüz yalnız o 1 pisə ilişəcək. Niyə? Çünki pislik, səssizliyi daha tez pozur, ruhu daha tez yaralayır.
Və bir gün, başqa bir tam fərqli insan, tam fərqli niyyətlə, bilmədən sizə toxunan bir hərəkət edəndə, içərinizdə yığılıb qalan acı partlayacaq. Ona layiq olmadığından qat-qat sərt reaksiya verəcəksiniz. Halbuki günah o adamda deyil, sizə zərbə vuran əvvəlki o bir nəfərdədir.
Kompromisə getmək, güzəşt edə bilmək, əslində çox böyük bir dəyərdir. Sadəcə, çalışın bu dəyəri hər önünüzə gələnə sərf etməyin. Gözəl insanlara, anlayışlı ruhlara sərf edin. Əks halda, bir virus kimi sisteminizə düşən yanlış bir insan, bütün əhval-ruhiyyənizi, hətta bəzən həyata baxışınızı belə korlaya bilər.
Unutmayın, bu dünyada yaxşı insanlar hələ də var. Sadəcə onların səsini pislərin hay-küyü arasında eşitmək bir az çətindir. Amma mümkündür.
İnancınızı itirməyin, yolunuza işıq salan insanları tapın. Onlara dəyər verin. Çünki bir damcı yaxşılıq, bəzən bir okean kədəri belə yumağa qadirdir.
Uraqan Abdullayev
Şərhlər 15
Şərh Yaz