Bəzən bir mahnı gəlir... heç nə demir, amma içini titrədir. Sözlərini başa düşmürsən, melodiyası isə sanki uşaqlığını xatırladır. Bəlkə də bir payız axşamı, hələ heç sevməmişkən, içindəki boşluğu ilk dəfə onunla hiss eləmisən — bir pianonun tək bir notuyla.
Musiqi sadəcə dinlədiyimiz bir şey deyil. O, biz danışmadan da bizi anlatmağın bir yoludur. Hər kəsin həyatında bir soundtrack var. Kiminsə ayrılığı, kiminsə ilk sevinci, kiminsə atasının sevdiyi o köhnə muğam — hamısının arxasında bir səs var.
Amma musiqi nədir axı? Ritm və melodiyadan ibarət bir quruluşmu? Yoxsa görünməz tellərlə insanın beyninə və ruhuna toxunan bir fenomen?
Musiqinin əsl tarixi haradan başlayır?
İlk musiqi aləti 40 min il əvvəl düzəldilmiş sümükdən bir flautdur. Amma bu, o demək deyil ki, musiqi elə oradan başlayıb. Bəlkə ilk musiqi ana bətnindəki ürək döyüntüləridir. Bəlkə ilk dəfə yağış damlalarının ritmini eşidən insan "bu bir şeyə bənzəyir" deyib ayaqlarıyla yerə vurmağa başlayıb.
Qədim dövrlərdə musiqi dua idi. Qorxunun, təşəkkürün və ya sevgini tanrılara çatdırmağın yolu. Hindistanda, Afrikada, Mezopotamiyada, hətta Şumerlərdə belə musiqi — müqəddəs idi.
Niyə bəzi mahnılar bizi ağladır, bəziləri oynadır?
Elmi olaraq, musiqi beyində dopamin ifrazını artırır. Yəni bizi xoşbəxt edən eyni kimyəvi reaksiya. Amma tək məsələ bu deyil. Musiqi yaddaşı hərəkətə gətirir. Bir mahnı ilə 10 il öncəki bir gün, bir baxış, bir qoxu geri gəlir. Yəni musiqi – zaman maşınıdır.
Bəzi musiqilər isə heç vaxt dinləmədiyin halda tanış gəlir. Çünki ruhun onu hardasa, hardasa eşidib. Bəlkə keçmiş bir həyatında.
Zövqlər necə yaranır?
Bəziləri “mən klassik musiqi sevirəm” deyir, bəziləri “rep mənim həyatım” — amma həqiqət budur ki, heç kim doğulanda zövqlə doğulmur. Zövqlər tərbiyə olunur, ətrafdan, travmalardan, sevgilərdən, məhəllədən, dinlədiyin ilk mahnıdan, atasının maşında dinlətdiyi kasetdən yaranır.
Yəni... sən klassik musiqi sevirsən, çünki bəlkə o səssiz axşamlarda təkcə o səni başa düşürdü.
Musiqi bəzən yalandır
Bəzi musiqilər sanki sənə deyir ki, "hər şey yaxşı olacaq", amma olmur. Bəziləri isə acını içində cilvələndirir. Bəzən ağrını belə gözəl göstərir ki, sən o ağrını sevməyə başlayırsan. Yəni musiqi, bəzən yalandır. Amma bu yalan gözəldir. Çünki ona inanmaq istəyirik.
Qulaq asdığımız musiqi, kim olduğumuzu göstərir?
Bu sual çox verilir. Amma doğru cavab budur: YOX. Musiqi sənə kim olduğunu göstərməz, amma kim ola biləcəyini hiss etdirər. Qaranlıq bir günündə rəqs musiqisi səni ayağa qaldıra bilər. Və ya çox parlaq bir günündə çalınan hüznlü bir mahnı, səni içindəki unudulmuş bir şeylə tanış edə bilər.
Əgər musiqi bir güzgüdürsə, bəlkə sən hələ öz səsini eşitməmisən. Bəlkə sənin hekayəni danışan bir melodiya hələ də hardasa səssiz səssiz səni gözləyir.
Bəs sən necə düşünürsən?
Musiqi sənə nəyi xatırladır?
Sənin ruhunu hansı səslər anlatır?
👇 Aşağıda şərhə yaz. Sənin hekayəni oxumaq istəyirik.
Şərhlər 27
Şərh Yaz