Azərbaycancaaz
Mir.az » Bloq » Kitablar və psixoloji sindromlar! - Kitab Sindromları

Kitablar və psixoloji sindromlar! - Kitab Sindromları

1 050
Kitablar və psixoloji sindromlar! - Kitab Sindromları
Çoxlarının təxmin etdiyinin əksinə, mütaliə şüuraltına ciddi təsir edir, qalıcı izlər qoyur. Yeni yaranan bədii janrlar, cərəyanlar, əsərlər kütləvi dəyişikliklər yaradır. Bəzənsə bu çılğınlıqlar ciddi psixoloji sindromlara çevrilir.

"Madam Bovari" sindromu


Sindrom, 19-cu əsr romantik romanlarının ortaya çıxmasından sonra yaranmış bir davranış pozğunluğudur.

Bu əsərlərin təsirilə minlərlə insan (razılaşarsınız ki, daha çox qadınlar) sevgini təxəyyüllərində ideallaşdırmağa və buna görə də real münasibətlərində məyusluğa düçar olmağa başladı.

Qustav Flaubertin məşhur personajı Emma Bovari bir kənd həkimi ilə evlidir. Onu sevən, bacarıqlı, kifayət qədər zəngin, hörmətli bir insanla. Kənardan baxanda olduqca uğurlu bir seçimə bənzəyir. Ancaq Emma yeniyetməlik illəri boyunca oxuduğu və xəyal etdiyi coşğulu, ehtiraslı sevgini bu münasibətdə tapa bilmir.

Və zamanla yeni sevgi macəralarının axtarışına çıxaraq ailəsini məhvə sürükləyir.

Sindromda əsas diqqət çəkən nüanslar - romantikaya aludəçilik, imkansız sevgilərə meyil, daimi məmnuniyyətsizlik, təqlidçilik (partnyora olan heyranlıq - və bəlkə də, bir az qorxu - elə həddə olur ki, şəxs onun hobbilərini, vərdişlərini, hətta düşüncələrini təqlid etməyə başlayır. Buradakı digər nüans fərdin qarşı tərəfin onu tərk edəcəyindən ehtiyat etdiyindən dolayı özünü bəyəndirməyə çalışmasıdır) əlamətləridir.

Çox vaxt xarakterdəki şıltaqlıq, düşüncəsizlik, hərdəmxəyallıqla əlaqələndirilsə də, bu əlamətlər şəxsiyyət pozuntusuna, obsessiyaya da işarə ola bilər.
Kitablar və psixoloji sindromlar! - Kitab Sindromları

"Dorian Qrey" sindromu


Oskar Uayldın çoxsaylı hekayələrinə qarşılıq yazdığı bu yeganə romanı bütün cəhətlərilə olduqca səs gətirmişdi. Baş qəhrəman Dorian özünə vurğun bir gəncdir. Özünə, öz gözəlliyinə elə aşiqdir ki, yaşlanmaqdan, görünüşünün deformasiyaya uğramasından dəli kimi qorxur. Və, nəhayət, yaşlılıqdan xilas olmanın yolunu tapır, ancaq əsas hekayə məhz bundan sonra başlayır...

Terapistlər yaşlanma qorxusunun insanda fobiyaya çevrilə biləcəyini, panik ataklara və başqa patoloji durumlara səbəb ola biləcəyini qeyd edir. Həmçinin, qocalığın qarşısını almaq üçün bu insanlar bədənlərinə həddindən çox cərrahi əməliyyatlar və başqa müdaxilələr etdirə, həyati təhlükə (yüksək dozada narkotik qəbulu kimi) yarada bilərlər.

Şəxsiyyət pozğunluqları, özünə zərər verməyə meyilliliklə müşahidə olunan sindromun bir maraqlı cəhəti də budur ki, pasiyentlər adətən təkcə görkəmcə deyil, ruhən də gənc olmaq istəyir, emosional inkişaflarını ləngidərək həyata bir yeniyetmə kimi yanaşmağa çalışırlar.

Otello" sindromu


Uilyam Şekspirin bu tragediyasında baş qəhrəman arvadının ona xəyanət etdiyi yalanına inandırılır. Qısqanclıq hissi məntiqə və sevgiyə üstün gəlir, Otello idarəsiz qəzəbinin içində boğularaq yanlış qərarlar verir.

Təbii ki, Otellonun hekayəsində manipulasiyanın rolu danılmazdır, ancaq realda, Otello sindromu bu postdakı digər sindromlardan fərqli olaraq, demək olar ki, hər zaman hansısa başqa psixi pozğunluqlarla əlaqəli olur. Qəzəb və şəhvət tutmalarına asanlıqla düşən bu insanların gözü dönür, düşünmə qabiliyyətlərini bir anlıq büsbütün itirir və şifahi hədələrdən qarşı tərəfə fiziki zədə yetirməyə qədər hər şey edə bilirlər.

Qısası, bu sindromun əlamətlərini sezdiyiniz insanları danışıq və sevgi yolu ilə sakitləşdirə bilməzsiniz. Edə biləcəyiniz ən böyük yaxşılıq, bir psixiatra yönləndirib uzaqlaşmaqdır.

"Polyanna" sindromu


Çoxlarınıza tanış olan bu sindrom, Eleanor Porterin eyniadlı personajının prototipinə sahibdir. Polyanna yetim qalmış və onu qətiyyən sevməyən xalasının himayəsində yaşayan yeniyetmə qızcığazdır. Düşdüyü çətin, kədərli vəziyyətlərlə mübarizə aparmaq üçün atasının vaxtilə ona öyrətdiyi "Məmnunluq oyunu"nu oynayır.

Daimi məmnunluq, pozitivlik rolu real duyğuları maskalamaq, məyusluqdan qorunmaq, günahkarlıq hissindən qurtulmaq yaxud bir emosiyanı yox edib başqa tək bir emosiya ilə yaşamaq üçün oynanılır.

Adətən zərərli olmasa da, daimi mülayim yanaşma insanın mübarizə bacarığını zədələyir, cəsarətini qırır. Həmçinin, daimi eyni duyğuda qalmaq, hisslərini basdırmaq zamanla xroniki stressə səbəb olacaqdır.

"Martin İden" sindromu


Təsəvvür edin ki, uzun, çox uzun müddət boyunca bir şeyi xəyal etmisiniz. Bütün qəlbiniz, ruhunuzla bunu arzulamısınız, uğrunda mübarizə aparmısınız, fədakarlıqlar etmisiniz və... Budur, nail oldunuz. Ancaq coşğu, sevinc və əsas da, məmnunluq hiss etməniz gərəkli olan yerdə, siz boşluq, fiziki və mənəvi yorğunluq hissi keçirirsiniz.

Bu fenomen psixologiyada olduqca məşhurdur (həmçinin, kifayət qədər yayğındır) və Cek Londonun məşhur əsərinin şərəfinə "Martin İden" sindromu adlandırılır.

Martin İden əsərin başlarında görə biləcəyimiz ən ideal insandır. Tək "eybi" kasıb olmasıdır. Ancaq hekayə davam etdikcə o özünü tanıtmağı, yüksək təbəqədən insanlara qəbul etdirməyi bacarır, bir anda böyük uğura, şöhrətə nail olur. Arzusu reallaşır və əsərləri bestsellerə çevrilir. Ancaq bu ana qədər fiziki və mənəvi olaraq çox əziyyət çəkmiş Martin sevinmir, ekzistensial böhran və ağır depressiyanın cənginə düşür.

Bir çox insan üçün uğur yox, məhz bu uğura gedən yol motivasiyaedicidir. Bu motivasiya itdikdə boşluğa düşür, bəzən ciddi depressiya keçirirlər. Buna görə də, hədəflərinizin həyatınızda nə qədər böyük yer tutduğuna hər zaman diqqət edin. Diqqət edin ki, bütünlüklə yaşam səbəbinizə çevrilməsin.

Xoş oxumalar.


Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz