Azərbaycancaaz
Mir.az » Bloq » Tənha və Kitab

Tənha və Kitab

241
Tənha və Kitab
Müasir dünyamızın sürətli inkişafı hər kəsə məlumdur. Artıq bir zamanlar xəyalı mümkünsüz olanların mümkünlüyü həyatımıza elə yansıyıb ki, onların yoxluğu müasir insanın həyatında yetməzlik və çətinliklər yaradır. Bütün bu yeniliklər işlərimizə asanlıq, yüngüllük gətirsə də hərdən ruhumuzun yorğunluğunu hiss edirik. Zamanın sürətli axını xəyalını qurduğumuz günlərin sabahlarını bizə gətirsə də, ömrümüzün ən gözəl anlarını da geri qaytarmayacaq şəkildə alıb aparır....
Müxtəlif ətirli və rəngli güllər kimi, insan xarakteri də müxtəlifdir. Hər kəsin dostu, sirdaşı olmaz. Kimi öz ürəyi ilə dərdləşər, kimi qəlbinin dərinliklərindən süzülüb gələn kəlmələri ağ vərəqə toxuyar, kimi də və s .və i.
Bu gün bu və sairlərin içərisindən bir xarakter haqqında yazmaq istəyirəm.
Ruhən tənha və özünü bu həyatda tapa və ya təsdiq edə bilməyən insanların bir dostu var - kitab (yaxşı halda).
Bir insan təsəvvür edin. Bütün gününü çalışdığı müəssisədə keçirən , rəhbərlik tərəfindən daim layihələri, işləri uğurlu olub da, həyatı gətirməyən bir insan. Hər axşam tənha, qaranlıq, divarları buz kimi olan mənzilinə tələsə - tələsə gedən bir insan. Bəs onu bu mənzilə səsləyən, bu səssizlikdə onu həsrət ilə gözləyən kimdir, nədir ???
Oxumağa başladığı yeni roman!
Hər kitabı oxumaz bu adam. Böyük kitabxanalara gedər min kitab içərisindən bir kitab seçib alar. Və bu "bir"lər arta - arta min olar. Bir müddət əvvəl oxuyub bitirdiyi avtobioqrafik bir roman onu o qədər sarsıb öz təsirində buraxmışdı ki, müəllifi məxfi saxlanılan o yazarın kimliyini çox çətin də olsa axtarıb tapmış, uzaqdan uzağa onu uzun müddət izləyib, kitabdakı obrazı ilə həyatdakı canlı obrazını xeyli müqayisə etmişdi...
Yarı çiy , yarı bişmiş şam yeməyini tez bitirib , çəkilər otağının yarım işıqlı bir küncünə. Əlini toxundurub açdığı kitabın qalın üzlüyündən bir dünya nur süzülüb axır onun qaranlıq otağına . O andan bütün dünya ilə olan bağlılığı üzülər . Hər sətir bir dalğa olub , onu coşğun bir dənizin ən dibinə , ən dərininə çəkər . Gah nəfəsi kəsiləcək qədər boğar , gah şiddətli fırtınaya salaraq qayalara çırpar . Gah da dalğalar onu günəşə çatacaq qədər yüksəyə, yüksəyə lap yüksəyə atar . Hərdən sevinc və xoşbəxtlikdən göz yaşları sel olub axar , qəlbinin döyüntüləri qulaqlarında cingildəyər .
Hərdən də sinəsindən qopub , qəlbini
titrədərək səssiz otağını öz ağuşuna alan hönkürtüsündən özü də diksinər...
O , kitabdakı qəhrəmandan oxumaz! O özü kitabı seçib aldığı andan , həmin kitabın qəhrəmanına çevrilər . Həyatda yaşayıb duymadığı xoşbəxtliyi o kitabda yaşayıb duyar...
Yorğunluqdan gözləri yumulanda artıq çox gec olduğunu anlayıb , bir küncdə lal dinməz dayanıb bütün bu olanlara şahidlik edən iri kəfkirli saata baxıb , sabah yenə eyni həvəslə evə - kitabına - öz aləminə gələcəyini qəmli təbəssümlə xəyal edərək , kitabı jurnal masasının üzərinə qoyub , gecə lampasını söndürər.
Qonaq otağından çıxarkən dönüb , otağa süzülən ay işığında böyük kitabxanası ndakı neçə - neçə oxuyub yaşadığı və hələ oxuyub yaşayacağı ömürlərə baxar.....

Samirə Əliyeva


Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz