Azərbaycancaaz
Mir.az » Xəbər » Ulu Öndər Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi

Ulu Öndər Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi

4
Ulu Öndər Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi
Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu öndər Heydər Əliyev olmuşdur. Ümumiyyətlə, müstəqil Azərbaycan dövlətinin qurucusu - memarı, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görmüşdür.
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin neytrallaşdırılmasına nail olundu. Bir sözlə, Ümummilli lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı.
Bu məqamda qeyd etmək lazımdır ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu sıraya təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması aid edilə bilər. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Ən əsası isə odur ki, Ulu öndər Heydər Əliyev siyasi sistemin komponentləri olan ayrı-ayrı institutları legitimləşdirməklə açıq - demokratik cəmiyyət qurdu. Eyni zamanda, ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən milli mənəvi mexanizm oldu.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də ölkəmizin beynəlxalq arenada müstəqil dövlət kimi tanınması, ikitərəfli və çoxtərəfli səmərəli xarici əlaqələrin qurulması və nəticə etibarilə milli maraqlarımıza müvafiq xarici siyasət strategiyasının əsasının qoyulmasıdır. Başqa sözlə, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi rasional xarici siyasət kursu sayəsində beynəlxalq münasibətlərin aktoru kimi çıxış edən milli dövlətlərlə müxtəlif sahələrdə qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri formalaşdırıldı və Azərbaycan etibarlı tərəfdaş kimi tanınmağa başladı.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional xarici siyasət strategiyasının mühüm prioritetlərindən birini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi. Məhz Ümummilli lider Heydər Əliyevin əhəmiyyətli səyləri və gərgin əməyi sayəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmağa başlandı. Münaqişənin sülh yolu ilə həll edilməsinin vacibliyini dəfələrlə vurğulayan Azərbaycan müxtəlif səviyyəli diplomatik danışıqlara gedərək və bütün mövcud resurs və vasitələrdən istifadə edərək məsələnin həlli yollarını axtarmağa başladı.
Bu gün müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli dövlətçilik ideyası özündə real müstəqillik, suverenlik, milli-mənəvi dəyərlərə bağlılıq və müasir inkişaf kimi vacib prinsipləri üzvi şəkildə birləşdirdi. 44 günlük Vətən müharibəsi əyani şəkildə göstərdi ki, müstəqillik illərində əldə edilmiş milli birliyimiz, mənəvi-ideoloji vəhdətimiz bizim ən qiymətli sərvətlərimizdən biridir. Buna görə də 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər mahiyyət etibarilə ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident cənab İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsi oldu.


Həmid MEHDİYEV,
Binəqədi rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz