Azərbaycancaaz
Mir.az » Xəbər » Azərbaycan Qoşulmama Hərəkatına üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsinə xüsusi önəm verir

Azərbaycan Qoşulmama Hərəkatına üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsinə xüsusi önəm verir

4
Azərbaycan Qoşulmama Hərəkatına üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsinə xüsusi önəm verir
Bildiyimiz kimi Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulub. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazanıb, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçilib.
Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycana tam etimadının nəticəsidir ki, üzv dövlətlərin yekdil rəyinə əsasən, ölkəmizin təşkilata sədrliyi daha bir il, yəni 2023-cü ilin sonuna kimi uzadılıb. Azərbaycanın 3 il müddətinə bu təşkilata sədr seçilməsi, şübhəsiz ki, diplomatiyamızın növbəti qələbəsi olub. Respublikamız bu təşkilata sədrliyi dövründə söz-əməl vəhdətinə sadiqliyini nümayiş etdirib, üzv ölkələrin maraqlarının, beynəlxalq hüquq və ədalətin tərəfində dayanıb.
Dövlətimizin başçısı da bu məqamla bağlı deyib: “Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu”.
Bu fikrin təsdiqi üçün diqqəti bir məqama yönəltmək istərdim. Belə ki, dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı bir zamanda Azərbaycan bu nüfuzlu təsisatda sədrliyinə məsuliyyətlə yanaşıb və pandemiya nəticəsində yaranan təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərib. Ölkəmiz pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürüb. Belə ki, 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi ideyasını reallaşdırıb. Bundan başqa, Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyac¬larını əhatə edən məlumat bazasının yaradıl¬masına dəstək göstərib. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulma¬ma Hərəkatına üzv dövlətlərin mövcud ehti¬yaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edib. Bütün bunlarla bərabər, Azərbaycan “peyvənd millətçiliyi” və peyvəndlərə çıxışla əlaqədar inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliklə bağlı narahatlığını vurğulayıb, eyni zamanda, bu cür məsələnin beynəlxalq diqqəti çəkməsi məqsədilə respublikamız BMT-nin İnsan Hüquq¬ları Şurasında Qoşulmama Hərəkatı adından bütün dövlətlərin peyvəndlərə bərabər və uni¬versal çıxışının reallaşmasına dair qətnamə irəli sürüb və həmin qətnamə yekdilliklə qəbul edilib.
Qeyd edək ki, Azərbaycan da daxil olmaqla, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platfor¬ma olan Qoşulmama Hərəkatı beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən mühüm təşkilatdır.
İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda keçirilən nazirlər görüşü bir daha onu göstərir ki, Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir. Eyni zamanda, Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunduğu mühüm toplantıya ev sahibliyi etməsi ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin təzahürüdür.
Xüsusilə qeyd etmək istəyirəm ki, Prezident cənab İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə söylədiyi fikirlər demək olar ki, bir çox xarici mətbuatın diqqət mərkəzində olub.
Prezident İlham Əliyevin görüşdəki çıxışında vurğulandığı kimi, suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi “Ban¬dunq prinsipləri” bu təşkilatın təməlində dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Hazırda dünyada dəhşətli fəalakətlər törədən müharibələr və münaqişələr də “Bandunq prinsipləri”nə riayət olunmaması səbəbindən baş verir.
Yeri gəlmişkən, Azərbaycan zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulmasının qətiyyən qəbuledilməz olduğunu hər zaman bildi¬rib, bütün ölkələrin suverenliyi və ərazi bü¬tövlüyü prinsiplərini tam dəstəkləyib.
Çıxışında Prezident cənab İlham Əliyev Fransanı Azərbaycanın daxili işlərinə müdaxilə etməkdə də ittiham edib, Parisin üzr istəməli olduğunu söyləyib, habelə bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin fransız polisi tərəfindən qətlə yetirilməsinin bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlaməti olduğunu vurğulayıb. Eyni zamanda otuz il əvvəl Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizini işğal etdiyini, həm Ermənistanda, həm də Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə həyata keçirdiyini, bunun nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini qeyd edib. Dövlət başçısı diqqətə çatdırıb: “Ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan indi bir sıra nəhəng çağırışlarla üz-üzədir. Keçmişdə işğal altında olmuş ərazilərdəki dağıntıların miqyasından dəhşətə gəldik. Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr, məscidlər təhqir olunmuş, qarət edilmişdir. Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törətmişdir. İşğal altında olmuş ərazilərdəki 67 məsciddən 65-i dağıdılıb, qalanlarından isə donuz və inəklər üçün tövlə kimi istifadə edilib ki, bu da bütün dünya müsəlmanlarına qarşı təhqirdir. Altmış min hektar meşəlik məhv edilmiş, kəsilmiş və daşınmışdır, torpaqlarımız və çaylarımız çirkləndirilmiş və zəhərləndirilmişdir”.
Ermənistanla münaqişənin həllinə gəlincə, Prezident cənab İlham Əliyev qeyd edib ki, 2020-ci il müharibəsi başa çatdıqdan sonra İrəvanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Azərbaycan ərazisində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları var. Dövlətimizin başçısı vurğulayıb ki, əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhün əldə olunmasında maraqlıdırsa, o zaman onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsini tamamilə tərk etməlidir.
Sonda bildirmək istəyirəm ki, Qoşulmama Hərəkatına üzv olan ölkələr Azərbaycanın ədalətli mövqeyini daima dəstəkləyibdir. Azərbaycan dövləti və xalqı bu dəstəyi çox yüksək qiymətləndirir. Bütün bunlar onu göstərir ki, Qoşulmama Hərəkatında böyük həmrəylik var və Azərbaycan bundan sonra da özünün xarici siyasətində Qoşulmama Hərəkatına xüsusi önəm verəcək.


Nizami NOVRUZOV, texnika üzrə fəlsəfə doktoru

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz