Azərbaycancaaz
Mir.az » Xəbər » Taleyi ilə tarixi dəyişdirənlər

Taleyi ilə tarixi dəyişdirənlər

3
Taleyi ilə tarixi dəyişdirənlər
İlk dəfə "Babək" filminə baxanda xalq artisti Rasim Balayevin canlandırdığı Babək obrazının məşhur bir replikası hafizəmə həkk olunmuşdu: "Azadlıq verilmir, alınır. Qan bahasına, qurban bahasına"

Mərhum yazıçı, həm də filmin ssenari müəllifi Ənvər Məmmədxanlının bu tapıntısı necə də dahiyanə və obrazın xarakterinə uyğundur. Bəli, azadlıq elə bir nemətdir ki, o, yalnız qurban bahasına alınır. Onu heç kimə qızıl məcməyidə təqdim etmirlər.

Hər şeyin azadlığı dəyərlidir. Vətən torpağının azadlığı isə hər şeydən daha dəyərlidir. Daha dəyərli olan isə şübhəsiz ki, özü ağırlığında da qurban tələb edir.

Tarixən heç bir azadlıq xalqlara qurbansız başa gəlməyib. Bunu ən çox yaşayanlar sırasında azərbaycanlılar da var. İstər 1918-ci ilin Cümhuriyyəti, istərsə də 1990-cı illərin müstəqilliyi bizdən xeyli can aldı. Əvəzində bizə Azərbaycan verdi.

Bəlkə də adında insanın canını daşıyan yeganə ölkəyik. Azərbaycan. Vətən torpağının azadlığı uğrunda canımızı qurban verərək apardığımız Qarabağ müharibələri isə bu mövzunun şah damarıdır.

İstər 1-ci, istərsə də 2-ci Qarabağ müharibəsində torpağı canından çox sevən xalq olaraq xeyli şəhid vermişik. Şəhidlərin sayəsində bir toplum xalqa, bir məmləkət Vətənə çevrilir.

İnsan itkisi istənilən halda ağırdır. Övlad itkisi isə itkilərin ən kədərlisidir.

Adama hərdən elə gəlir ki, insanlar sanki hansısa gözəgörünməz qüvvə tərəfindən seçilmiş olaraq dünyaya göndərilib. Hər kəs sanki bir missiyanın daşıyıcısıdır. Kimisi sənət sahəsində, kimisi elm dünyasında, kimisi də döyüş meydanında tarixə öz adını yazdırır. Şəhidlər də döyüş meydanlarının ulduzlarıdır. Sönməyən, əbədi yanan ulduzları.

Bu da onların taleyidir. Taleyi ilə tarixi dəyişdirən insanlardır şəhidlər.

Azərbaycanın yerləşdiyi coğrafiyada vətəndə uğrunda savaş sanki bir həyat tərzidir. Bu min il əvvəl də belə olub, indi də belədir. Bəs gələcəkdə də belə olacaqmı?

Məhz gələcəkdə də belə olmaması üçün bu gün böyük bir problemin həllinə çalışır dövlət. Bu torpaqlara ruslar tərəfindən köçürülən ermənilərin ötən əsrin 80-ci illərində yaratdığı separatizm böyük faciələrə yol açdı. Azərbaycan minlərlə övladını itirdi, ərazilərini itirdi, 10 minlərlə vətəndaşımız doğma yurdlarından didərgin düşdü. Biz Qarabağ boyda fəlakətin canlı şahidləri və şəhidləriyik. Atalarımızdan bizə “miras” qalan bu problemin bizdən də övladlarımıza irinli bir “irs” kimi ötürülməsinə qəti yol verilməməlidir.

Azərbaycanın həyata keçirdiyi 23 saat 51 dəqiqəlik antiterror tədbirləri zamanı şəhidlərimiz var. Onların qəhrəmanlığı sayəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Cümlənin ağırlığına və böyüklüyünə fikir verin. Sənin şəhadətin bir dövləti bütün edir. Sənin şəhidliyin bir xalqı terrordan qoruyur.

Yırtıcı imperiyaların arasında sinəsi hərbə meydan olan Azərbaycanın üçrəngli bayrağı sənin, sizin sayənizdə hələ də dalğalanır.
Şəhidlərin fotolarına baxıram, gözlərindəki həyat işığını gördükcə, portretlərini bağrıma basmaq istəyirəm. O qədər canlı və həyəcanlı baxırlar ki, onların üzünə həyəcansız baxmaq qeyri-mümkündür.

Bunları yazdıqca, qulağıma haradansa o məşhur şüarın səsi gəlir: “şəhidlər ölməz, vətən bölünməz”.

Bölünmüş vətəni ölümü ilə bütünləşdirənlər ! Başımızı əyən 30 illik problemə son qoyduğunuz üçün ruhunuz qarşısında baş əyirik.



Rahil Sayadoğlu

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz