Azərbaycancaaz
Mir.az » Xəbər » Qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisə

Qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisə

1
Qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisə
Azərbaycan-Türkiyə münasibətləri dostluq, qardaşlıq, qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulub. Çağdaş dünyanın dəyişməsi fonunda ikitərəfli əlaqələr daha da möhkəmlənir, inkişaf edir. Azərbaycan və türk xalqının eyni soykökünə, dilə, dinə, mədəniyyətə və digər qarşılıqlı bağlara malik olması isə iki dövləti bir-birinə doğma edən başlıca amillərdən hesab olunur. Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərində bir-birinin yanında olub. Ümummilli lider Heydər Əliyevin "bir millət, iki dövlət" kimi xarakterizə etdiyi münasibətlər bu gün də hər iki ölkənin rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatıb. Azərbaycan və Türkiyə arasındakı əməkdaşlığın şaxələndirilməsi bir sıra sahələr üzrə keyfiyyətcə yeni müstəviyə keçidə şərait yaradıb.
Bir neçə gün əvvəl sentyabrın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri mühüm hadisə kimi yadda qaldı. Həmin səfər zamanı qardaş ölkə ilə Azərbaycan arasında bir sıra vacib sənədlər imzalandı, İğdır-Naxçıvan qaz kəmərinin təməli qoyuldu. Bu səfərin həm də bir sıra ölkələrə verilən növbəti mühüm mesaj oldu.
Yerigəlmişkən, İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək. Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırmış olacaq. Xatırlatmaq istəyirəm ki, 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə bu il iyunun 5-də qəbul edilən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın prioritet layihələri sırasında yer alıb. Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək. Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür. Ölkə başçımızın qeyd etdiyi "bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz" reallığı iki ölkə arasındakı qırılmaz bağın təzahürüdür. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak etmələri Azərbaycan-Türkiyə tandeminin göstəricisidir. Hərbi kompleks müxtəlif növ tank, zirehli döyüş maşını və transportyorların, artilleriya qurğu və sistemlərinin, hava hücumundan müdafiə vasitələrinin, atıcı silahların, mühəndis texnikasının, rabitə avadanlıqlarının, optik cihazların təmirini və modernləşdirilməsini, müxtəlif növ daxiliyanma mühərriklərinin təmirini və stend üzərində yoxlanılmasını, qeyd olunan bütün vasitələr üzərində detal və avadanlıqların dəyişdirilməsini və test edilməsini həyata keçirmək imkanına malikdir. Hərbi kompleks 1 mərkəzdən, 8 təmir müəssisəsindən və 10 sahədən ibarətdir. Burada müxtəlif növ texnikaların təmiri və bərpası üçün 300-dən çox avadanlıq quraşdırılıb.
İki dövlət, bir millət, bir yumruq olan ölkələrimizin əsas hədəfi regional təhlükəsizliyi təmin etmək və beynəlxalq məkanda nüfuz dairələrini genişləndirməkdir. Məhz bu çərçivədə görülən işlər - Azərbaycan Ordusunun Türkiyə modeli əsasında inkişafı, Türkiyə müdafiə sənayesinin gücü anti-türk dairələrini ciddi şəkildə narahat edir, bədnam qüvvələr bu birliyi qısqanır.

Ziyad Nəbiyev,
Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz