Azərbaycancaaz
Mir.az » Xəbər » Əlli ildən sonra Konqres yenidən Bakıda keçirilir

Əlli ildən sonra Konqres yenidən Bakıda keçirilir

2
Əlli ildən sonra Konqres yenidən Bakıda keçirilir
Azərbaycanın paytaxtı Bakı oktyabrın 2-dən etibarən beş gün ərzində daha bir mötəbər tədbirə - 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etdi.
Azərbaycanın ilk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır. Bu dəfə ölkəmiz Konqresə müstəqil dövlət kimi ev sahibliyi edəcək. Bu, Azərbaycanın müasir texnologiyalar, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində qazandığı mühüm nailiyyətlərə beynəlxalq səviyyədə göstərilən yüksək diqqət və hörmətin parlaq göstəricisidir. Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi həm də ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik ictimaiyyət və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində misilsiz imkanlar yaradacaq.
Nəzərinizə çatdırmaq istəyirəm ki, Beynəlxalq Astronavtika Federasiyası İkinci Dünya müharibəsindən sonra “soyuq müharibə” dövründə kosmos sahəsində elm adamlarının arasında dialoqun yenidən qurulması məqsədilə 1951-ci ildə yaradılıb. Federasiya sülh məqsədləri ilə kosmik tədqiqat və fəaliyyətin təşviq edilməsi, cəmiyyətin bu sahədə maariflənməsi və biliklərinin zənginləşdirilməsi məqsədilə üzv qurumlar arasında qlobal şəbəkə yaradır. Hər il Federasiya konfrans, texniki sessiyalar, quruma üzv ölkələrin nazirləri və parlament üzvlərinin beynəlxalq iclası kimi beynəlxalq tədbirlər təşkil edir. Hazırda Federasiyanın 110 ölkədən 460-dan çox üzvü var. Azərbaycan 2003-cü ildən Federasiyanın üzvüdür.
Qnu da qeyd edim ki, bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi barədə qərar 2019-cu ilin oktyabrında ABŞ-ın paytaxtı Vaşinqtonda qəbul edilib. Belə ki, Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Həmin seçkilərdə Azərbaycan paytaxtı bu mötəbər tədbirə ev sahibliyi üçün namizədliyini irəli sürmüş Rio-de-Janeyro, Nyu-Dehli və Sinqapur kimi müasir və inkişaf etmiş şəhərləri geridə qoyaraq qalibiyyət əldə edib.
Yerigəlmişkən, dövlətimiz bu mötəbər beynəlxalq tədbirin ölkəmizdə ikinci dəfə təşkilinə böyük önəm verir və bu Konqresə ciddi hazırlaşıb. Prezident cənab İlham Əliyevin 2022-ci il 7 fevral tarixli Sərəncamı ilə 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Baş nazirinin sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb.
Dövlətimizin başçısının 2022-ci il 7 fevral tarixli Sərəncamında kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilmiş təcrübənin, formalaşmış yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü olaraq, Azərbaycanın Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazandığı vurğulanır. Eyni zamanda, Sərəncamda bildirilir ki, Azərbaycanda müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilib. Ötən illərdə hərtərəfli dövlət dəstəyi ilə ölkədə kosmik sənaye üzrə müasir infrastruktur yaradılmış, informasiya təhlükəsizliyinin vacib komponenti olan telekommunikasiya peykləri orbitə buraxılmış, xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılmış və peyk xidmətlərinin ixracına başlanılıb. Mövcud peyk şəbəkəsi ölkəmizin suverenliyinin qorunması ilə yanaşı, onun sosial-iqtisadi inkişafına da mühüm dəstək verir. Uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz qazanıb.
Onu da qeyd edim ki, Konqresin ölkəmiz üçün bir çox faydaları da var. Belə ki, bu beynəlxalq tədbir ölkəmizdə kosmik sahədə innovasiyaya, tədqiqatlara və inkişafa töhfə verəcək. Həmçinin Azərbaycan gənclərinin kosmos və yüksək texnologiyalara marağının artırılması və yeni texnoloji inkişaf dövrünə hazırlığını təşviq edəcək. Ölkəmizin qlobal müstəvidə artan nüfuzuna dəstək, kosmos diplomatiyası və irihəcmli beynəlxalq kosmik layihələrdə iştirak imkanları yaranacaq. Dünyanın 75-dən çox ölkəsindən yüzlərlə yüksəkixtisaslı mütəxəssisin, həmçinin 2500-dən çox gəncin ölkəmizə səfəri Azərbaycanla bağlı məlumatlılığı artıracaq.

Orxan Rəhimov,
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz