Azərbaycancaaz
Mir.az » Xəbər » Əməkdaşlığın davamlı inkişafı

Əməkdaşlığın davamlı inkişafı

5
Əməkdaşlığın davamlı inkişafı

Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında partnyorluq münasibətlərinin yaranmasına gətirib çıxardıb. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib. İkitərəfli münasibətlər Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik" və "Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq" haqda qarşılıqlı bəyannamələr imzalayıblar. 1997-ci ilin fevralında Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı isə iki ölkə arasında strateji əməkdaşlığın inkişafına dair yeni bir sənədə imza atılıb.
Dövlətlərarası münasibətlərin hüquqi-normativ bazasının təkmilləşməsi və inkişafında dövlət və hökumət başçılarının sonrakı dövrdə intenisv xarakter alan qarşılıqlı səfərləri mühüm əhəmiyyət daşıyıb. Bu səfərlər sırasında oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstana işgüzar səfərini də qeyd etmək istəyirəm.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında görüş oldu.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib və bu səfərlərin əməkdaşlığımızın daha da möhkəmləndirilməsi işinə xidmət etdiyi vurğulanıb. Əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunduğu görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılmışdır. Ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edən Prezident cənab İlham Əliyev bütün istiqamətlər üzrə, o cümlədən siyasi, iqtisadi, energetika, nəqliyyat sahələrində ölkələrimiz arasında tam anlaşmanın, əlaqələndirmənin və qarşılıqlı dəstəyin mövcud olduğunu vurğulayıb. “Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, indiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb” – deyən dövlətimizin başçısı əmin olduğunu bildirib ki, budəfəki səfər də əlaqələrimizin inkişafına, dostluq və qardaşlıq münasibətlərinin gələcək inkişaf yollarını müəyyənləşdirməyə imkan verəcəkdir.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış etdilər. Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxış edərək qeyd etdi ki, Gürcüstan-Azərbaycan əlaqələri yüksək səviyyədədir: “Ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələri güclənir və möhkəmlənir. Ənənəvi görüşlər ölkələrimizin bir-birinə daha yaxın olması və xalqlarımızın bir-biri ilə daha da sıx dostluq etməsinə xidmət edir”- deyən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, bundan sonra da uzun illər ərzində Gürcüstan və Azərbaycan iki dost və qardaş ölkələr kimi birlikdə olacaqlar.
Çıxışı zamanı dövlət başçımız vurğulayıb ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Supsa neft-qaz kəmərləri bölgənin geosiyasi vəziyyətini köklü şəkildə dəyişib: “Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir”.
Prezident həmçinin, reallaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən də danışıb: “Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb”.
Prezident cənab İlham Əliyev Gürcüstanın Ermənistanla Azərbaycan arasında vasitəçi roluna üstünlük verməsinə də toxunaraq bildirmişdir ki, “Bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi”.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "The Architect of Prosperity" – “Firavanlığın memarı” adlı fotosərgi ilə tanış olublar. Dövlətimizin başçısına və Gürcüstanın Baş nazirinə sərgi ilə bağlı məlumat verildi. Qeyd olundu ki, Azərbaycanı müasir və iqtisadi cəhətdən çiçəklənən ölkəyə çevirən Ümummilli Liderə ehtiramın ifadəsi olan bu sərgi Ulu Öndərin bütün həyatını dövlətçiliyimizə və xalqımıza həsr etməsindən və ölkənin gələcək inkişafının əsasını necə müdrikliklə qoymasından bəhs edir.
Sərgidə Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə qayğısını, gənclərlə görüşlərini əks etdirən fotolar yer almışdır. Ekspozisiyanın Azərbaycan-Gürcüstan münasibətlərinə həsr edilmiş guşəsində Ulu Öndər Heydər Əliyevin Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze, həmçinin Prezident İlham Əliyevin Baş nazir İrakli Qaribaşvili ilə görüşlərindən də fotoşəkillər nümayiş olunmuşdur.
Sonda demək istəyirəm ki, Azərbaycan və Gürcüstanın əməkdaşlığının təməlində dostluq əlaqələri dayanır və ümid edirəm ki, bu səfərin də ikitərəfli müstəvidə yaxşı nəticələri olacaqdır.

İman ABDUYEV, Politoloq


Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz