Azərbaycancaaz
Mir.az » Xəbər » Ədliyyə Nazirliyinin Akademiyasında “Akademik Zərifə Əliyevanın həyatı və oftalmologiyada nailiyyətləri” mövzusunda tədbir keçirilib

Ədliyyə Nazirliyinin Akademiyasında “Akademik Zərifə Əliyevanın həyatı və oftalmologiyada nailiyyətləri” mövzusunda tədbir keçirilib

6
Ədliyyə Nazirliyinin Akademiyasında “Akademik Zərifə Əliyevanın həyatı və oftalmologiyada nailiyyətləri” mövzusunda tədbir keçirilib
Fevralın 10-da Ədliyyə Nazirliyinin Akademiyasında “Akademik Zərifə Əliyevanın həyatı və oftalmologiyada nailiyyətləri” mövzusunda tədbir keçirilib.

Azərbaycan Oftalmoloqlar Cəmiyyətindən verilən məlumata görə, tədbirdə “Dünyaşöhrətli alim və zəngin irsi” mövzusunda çıxış edən cəmiyyətin sədr müavini, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva Azərbaycan Respublikasının Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əliyevanın həyat və yaradıcılıq fəaliyyətindən bəhs edib. O, görkəmli oftalmoloqun tədqiqatlarından, elmi əsərlərindən söz açaraq bildirib ki, təbabətdə öz dəst-xətti olan novator alim 12 monoqrafiya, dərslik və dərs vəsaitinin,150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksəkixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf edib.

Qeyd olunub ki, görkəmli alim uzun illər respublikanın iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparıb. Həmin tədqiqatların nəticələri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarında öz əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verilmişdi. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.

Məşhur oftalmoloq M.Krasnov Zərifə xanım Əliyevanın “Görmə orqanının peşə patologiyasının öyrənilməsi”nə həsr etdiyi tədqiqatları yüksək qiymətləndirərək qeyd edib ki, Zərifə Əziz qızı yaşasaydı, oftalmologiya elmi sahəsində yeni kamil bir məktəbə rəhbərlik edə bilərdi.

Diqqətə çatdırılıb ki, Zərifə xanım Əliyeva bir sıra dərs vəsaiti və monoqrafiyaların müəllifidir: “Kəskin virus konyunktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” və sair. Alimin “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri bu gün də aktuallığını qoruyub saxlayır. O, iridodiaqnostika və iridoterapiya problemləri ilə məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları da ilk dəfə Zərifə xanım Əliyeva yazıb.

Görkəmli oftalmoloqun tibbi etika və deontologiyaya dair baxışlarının onun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərində ətraflı əks olunduğu qeyd edilib. Bildirilib ki, həmin əsərdə həkim və xəstənin qarşılıqlı münasibətlərinin həssas məqamları, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolu, tibb işçilərinin yalnız təhsilinin deyil, həm də tərbiyəsinin vacibliyi ön planda verilib.

Ədliyyə Nazirliyinin Akademiyasında “Akademik Zərifə Əliyevanın həyatı və oftalmologiyada nailiyyətləri” mövzusunda tədbir keçirilib


Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz