Azərbaycancaaz
Mir.az » Yazar » Ceyms Fenimor Kuper Kimdir? Ceyms Fenimor Kuper Haqqında

Ceyms Fenimor Kuper Kimdir? Ceyms Fenimor Kuper Haqqında

243
Ceyms Fenimor Kuper Kimdir? Ceyms Fenimor Kuper Haqqında

Həyatı


Ceyms Fenimor Kuper 1789-cu il sentyabrın 15-də Amerikanın Nyu-Cersi ştatının Berlinqton şəhərində, varlı ailədə anadan olmuşdur. Onun atası Uilyam Kuper iri torpaq sahibkarı olsa da, uzun müddət məhkəmədə hakim vəzifəsində çalışmış, ədəbiyyata, sənətə yüksək qiymət vermişdir. Ona görə də yaşadığı şəhər (Kuperstaun) sonralar onun adını daşımışdır. O, yazıçı və şairləri tez-tez evinə dəvət edirmiş. Qonaqların ədəbiyyata dair söhbətləri hələ uşaqlıqdan Ceymsin qəlbində yazıçılığa maraq oyadır.

Ceyms ilk təhsilini "Akdemiya" adlanan kütləvi kənd məktəbində almışdır. Təhsilini davam etdirmək üçün valideynləri onu Nyu-York ştatının mərkəzi olan Olbani şəhərinə göndərirlər. Burada o, latın dilini öyrənir, antik Roma şairi Vergilinin şerlərini əzbərləyir və çoxlu mütaliə edirdi. Ceyms Amerika və İngilis yazıçılarının romanlarını oxuyur, dram əsərləri və şerlərlə maraqlanır. O, hətta iqtisadiyyata, fəlsəfəyə, kənd təsərüffatına və din tarixinə aid elmi əsərləri də öyrənir. 1803-cü ildə Ceyms Yel kollecinə daxil olmuşdur. Başqa tələbə yoldaşlarından yaşca xeyli kiçik olmasına baxmayaraq, o öz biliyinə görə onlardan xeyli üstün idi. O, burada darıxır, tez-tez kollecin daxili qaydalarını pozur və şıltaqlıq edirdi. Elə buna görə də onu məktəbsən çıxarırlar. Atası bir müddət oğluna evdə təhsil verir, ancaq o, oxumağa elə də meyl göstərmirdi. Oğlunun özünü bu sayaq aparması atasını narahat edir və onu adi dənizçi kimi Avropaya gedən bir ticarət gəmisinə verir. Bu gəmidə bir il xidmət edən Ceymsin "ağlı başına gəlir", nizam-intizamlı olur və ağır dənizçilik sənətində səriştə qazanır. Sonra o, bit müddət hərbi gəmilərdə xidmət edir. Ona bir müddət sahildə qalıb gözətçi gəmisi üçün matros toplamaq tapşırılır. Elə bu vaxt - 1810-cu ildə Ceyms on səkkiz yaşlı gözəl Süzan Delansi ilə tanış olur və onlar 1811-ci ildə evlənirlər.

Atasından kifayət qədər miras qaldığından C.F.Kuper dənizçilik peşəsindən imtina edir və bundan sonrakı dövrdə kənddə yaşayaraq təsərüffatla məşğul olmaq qərarına gəlir. İlk vaxtlar onlar Süzana miras qalmış və Nyu-York yaxınlığında yerləşən Mamorenek adlı bir kənddə yaşayırlar, sonra isə tezliklə Kuperstauna köçmək haqqında fikirləşirlər. Kuper Osteqo gölünün qərb sahilində bir torpaq sahəsi alır, bir müddət burada özünə daşdan böyük bir ev tikir və kənd təsərüffatı işləri ilə məşğul olur.

Ona məxsus olan torpaqların bir hissəsini icarəyə verən Ceyms əlindəki pullarını ticarətə qoyur və eyni zamanda siyasətlə də məşğul olmaq qərarına gəlir. O, öz istedadına, qabiliyyətinə çox güvənirdi və düşünürdü ki, tezliklə ölkənin siyasi həyatından əhəmiyyətli yerlərdən birini tuta biləcəkdir. Lakin bir təsadüf onun bütün planlarını pozur və həyatını tamamilə başqa məcraya çevirir. O vaxtın dəbdə olan Avropa romanlarından birini oxuyan Kuper öyünərək deyir ki, bundan da yaxşı əsər yaza bilərəm. Süzan və onun əmisi qızı onu ələ salır və cırnadırlar. Tərsliyə düşən Kuper roman yazmaq və boş-boş danışmadığını sübut etmək qərarına gəlir və beləliklə, onun və eləcə də bütün Amerikanın həyatında əlamətdar bir hadisə baş verir. O, yazıçılıq fəaliyyətinə başlayır və dünya ədəbiyyatının korifeylərindən biri kimi məşhur olur...

Yaradıcılığı


"Yeni Dünya"da ingilis müstəmləkəçiliyinin dönüş mərhələsi sayılan milli istiqlaliyyət uğrunda müharibə (1776-1783) qitədə böyük bir dövlətin - Amerika Birləşmiş Ştatlarının yaranması ilə nəticələnmişdir. Bu hadisədən altı il sonra dünyaya gəlməsinə baxmayaraq, Kuperin yaradıcılığında müharibə ən aparıcı mövzuya çevrilmişdi ki, bu da səbəbsiz deyildi. Kuperlər ailəsi müharibə illərinin xatirəsini uzun illər unuda bilməmişdilər. Tez-tez qohumları, tanışları (onların əksəriyyəti müharibədə iştirak etmişdi) malikanənin qonaq otağına toplaşıb, qanlı günlərdə Amerika torpaqlarına vurulan ağır yaralardan danışardılar. Uşaqlığında hadisələri beləcə, şahidlərin öz dilindən eşidən Fenimor böyüyəndən sonra müharibə illərinin tarixçisinə çevrildi.

Milli Amerika ədəbiyyatının ilk qiymətli nümunələrini yaradan Kuper məhsuldar yazıçılardan olmuşdur. Tədqiqatçılar onun yaradıcılığını üç dövrə bölürlər: Birinci dövrdə (1821-1826) "Casus", "Losman", "Pionerlər", "Sonuncu Mogikan"; İkinci dövrdə (1826-1833) "İgid", "Heydenmauer", "Cəllad"; Üçüncü dövrdə (1833-1850) "Evə", "Evdə", "Mogikanlar", "Ləpirçi", "Vəhşi heyvan ovçusu" əsərləri yaranmışdır.

C.F.Kuper əvvəlcə kiçik tarixçələr, sonralar isə Qərbi Avropa yazıçılarının təsiri altında ilk romanlarını yazmağa başlayır. İlk romanı olan "Ehtiyat" heç bir uğur qazanmamasına baxmayaraq, bu gənc yazıçı həvəsdən düşmür və yeni əsər "Casus" romanı üzərində işləyir. Müəllifin fikrincə, bu əsl Amerika romanı olmalı idi. Doğurdan da o dövrə qədər Yeni Dünyada yaranan bədii əsərlər daha çox Avropa ədəbiyyatlarının, xüsusilə, ingilis ədəbiyyatının təsiri altında yazıldığından, onlarda milli xüsusiyyətlər çox az idi. Digər tərəfdən də hələ Amerika xalqı heç də düz-əməlli formalaşmamışdı. Bunu çox yaxşı dərk edən Kuper məhz milli Amerika ədəbiyyatını yaratmağa çalışır.

"Casus" romanının uğurlarından sonra Kuper daha böyük həvəslə milli Amerika romanları yazmaq qərarına gəlir və "Pionerlər" adlı əsəri üzərində işləyir. İlk dəfə olaraq bu romanın səhifələrində sonradan Dəri Corab, Vəhşi heyvan ovçusu, Şahingöz, Uzun Karabin və Ləpirçi ləqəbləri ilə tanınacaq "ağ adam" Nataniel (Natti) Bamponun və onun "qırmızı dərili" hindu dostları Çinqaçkuk, onun oğlu Unkas göründü.

"Pionerlər" romanı çap olunandan bir il sonra dəniz mövzusuna həsr etdiyi ilk romanını - "Losman" əsərini yazır. Valter Skotun "Pirat" (Dəniz qulduru) romanı çapdan çıxandan sonra C.F.Kuper bu məşhur ingilis tarixi roman ustası ilə yarışa girmək qərarına gəlir və dəniz mövzusunda bu əsərini yazır.

Boston uğrunda müharibə mövzusu da o dövrdə çox populyar idi və Kuper bu mövzuda ingilis zadəganlarının həyatından bəhs edən "Layonel Lankoli" romanını yazmışdır.

Kuper 1826-1833-cü illərdə Avropaya səyahətə çıxmış, Fransanı, İtalyanı və Almaniyanı gəzmiş, 1830-cu il "İyul İnqilabı"-nın şahidi olmuş, vətənə qayıdandan sonra "Amerikanın Avropa qeydləri" adlı publisistik əsərini qələmə almışdır. Avropa səyahəti yazıçının dünyagörüşünü dəyişmiş və onu Amerika hadisələrinə düzgün qiymət verməyə sövq etmişdir.

Kuper uşaqlıqdan haqsızlıqlara qarşı barışmaz olmuşdur. Gözləri önündə hindilərə məxsus torpaq sahələri hərraca qoyulanda, siyasi avanturistlər cəzasız qalanda, müstəmləkəçilər yerli əhali ilə qəddarcasına rəftar edəndə o kədərlənmiş, qəlbində yaşadığı quruluşa nifrət oyanmışdır. Avropa səyahətindən sonra "Mədəni Amerikada" törənən haqsızlıqlara daha kəskin etirazını bildirmiş və 1835-ci ildə "Mogikanlar" adlı alleqorik satirasını yazmışdır. Yazıçı bu original romanında Amerika həyatının xarakterik cizgilərini mahir rəssam fırçası ilə çəkməyə nail olmuşdur. Yazıçının digər romanlarında da sosial həyatın eybəcərlikləri açılıb göstərilirdi. Bu əsərləri oxuyan Amerika "Vətənpərvərləri" özlərini təhqir olunmuş hesab etmiş və cəmiyyətə guya böhtan atdığına görə Kuperi məhkəməyə vermişdilər. Amerikalılar bundan sonra uzun müddət Kuperlə barışa bilməmişlər. Məşhur tarixi romanları çap olunandan, şöhrəti bütün dünyaya yayılandan sonra belə o, müasirlərinin haqsız hücumlarına məruz qalmışdır. Belə ki, Atlantik okeanının o biri sahilində, Avropada Kuperin adını Valter Skotla, Balzakla, hətta Şekspirlə yanaşı çəkirdilər, vətənində isə ona töhmətlər yağdırırdılar. Görkəmli Amerika yazıçısı German Mervilin sözləri ilə deyilərsə, "müasirləri sadəürəkli adamın, böyük insanın yaradıcılığını düzgün qiymətləndirə bilməmişdilər".

Tarixi mövzular bütün yaradıcılığı boyu Kuperi özünə cəlb etmişdir. Doğrudur, onun tarixə müraciəti heç də uğurlu olmamışdır. Avropa səyahəti zamanı böyük Şotland yazıçısı Valter Skotun yolu ilə gedərək mövzusunu orta əsr Avropa həyatından aldığı "İgid", "Heydenmauer", "Cəllad" trilogiyasını yazmışdır. Bu əsərlər yazıçının əvvəlki romanlarından zəif alınmışdır.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz