Azərbaycancaaz
Mir.az » Bloq » Qanbay Qasımlı Kimdir?

Qanbay Qasımlı Kimdir?

2 735
Qanbay Qasımlı Kimdir?
Qanbay Qasımlı yazar Elxan Elatlının dedektiv janrında yazdığı romanlarda istifadə etdiyi bir obrazdır.

Qanbay Qasımlı Kimdir?


"Qara xəfiyyə", İstefada olan polis polkovniki, cinayət axtarış eksperti. 10 yaşında evlərində olan yanğın səbəbi ilə valideynlərini itirmişdir.(On beş il əvvəl Moskvada Baş Cinayət Axtarış İdarəsində çalışıb.Orada yaxşı ad-san qazanıbmış.Ona "Qara xəfiyyə" deyirlərmiş.Sonra həyat yoldaşı Olqanı və körpə qızı Tahirəni vəhşicəsinə öldürüblər.O da intiqamını Sergey adlı dəstə başçısından aldıqdan sonra istefa verərək Bakıya qayıdıb.İndi tək yaşayır.Tanınmış qəzetlərdən birində şöbə müdiri işləyən Nemət Sabirli (on ildən bəri tanıdığı,neçə tədqiqat işində birlikdə olduğu,hərdən mənzilinə gəlib onunla söhbət edən,şahmat oynayan jurnalist dostu) ilə qapı qonşudur.Bakıya təzə gələndə bir-iki il Polis Akademiyasında saathesabı mühazirə oxuyub.Amma indi maraqlı təhqiqat işi olanda müstəqil məşğul olur. Həyata onu yenidən bağlayan Nilufər adlı xanımla ikinci dəfə ailə həyatı qurub və hazırda Aqil adlı bir oğul övladları var.

Bir müsahibədə jurnalistin "Əsərlərinizdə əsas qəhrəman Qanbay Qasımlıdır. Bu obraz necə yarandı və milli obraz deyə bilərikmi?" sualına Elxan Elatlının cavabı
- 2000-ci ildə qarşıma məqsəd qoydum ki, artıq milli obraz yaradım. Bir qədər fərqli ad axtarırdım. Bu gün bəlkə də o adı qoymazdım. Çalışırdım türk əsilli ad olsun. Bu adın başqa mənada olanı da var. “Qan” və “bay” əsil türk sözləridir. Bəzən, “n” hərfini “m” hərfi ilə əvəz edənlərdən inciyirəm. Daha sonra bu obrazın xarakterini yaratmaq barədə düşündüm. Qəhrəmanı Moskvadan Azərbaycana ona görə gətirdim ki, bir qədər təbii olsun. Azərbaycanda oturub azərbaycanlılar üçün roman yazmaq çox çətindir. Tərcümə olunan xarici ədəbiyyatı istər-istəməz oxuyub, qəbul edirik. Çünki o millətin ruhunu tam bilmirik. Kitabda nə yazılırsa, bizə məqbuldur. Amma öz yazıçımızın romanında səhv axtarırıq, çox gözəl də tapırıq. O bizdən, məndən yazıb axı. Məsələn, mən oxucu kimi oxuyanda görürəm ki, belə deyil. Sən azərbaycanlı obrazı yaratmısansa, mən belə deyiləm. Deməli, yazıçı səhv edib. Başqa çətinlik də az deyil. Obraza ad qoyanda nə qədər düşünürəm. Hansısa obrazın adını Məmməd qoymaq istəyirsən. Düşünürsən ki, filankəsin də adı Məmməddir və bu obrazdakı mənfi olan nədənsə inciyə bilər. Qadın obrazlarına ad qoyanda da eyni çətinlik yaranır. Gözəl qadın adıdır, amma əsərdə bir qədər yaxşı qadın kimi təqdim olunmayacaq. Nə yaxşı ki, məni sevən oxucular var. Çox vaxt incitmədən yaxınlaşıb deyirlər ki, Elxan müəllim, o ad mənim adımdır: “Mənfi obrazda yazmısınız. Kaş olmayaydı”. Heç kim düşünməsin ki, kimsə Azərbaycanda oturub azərbaycanlılar üçün milli ədəbiyyat, obraz yaradırsa, asan bir işlə məşğul olur.


Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz