Azərbaycancaaz
Mir.az » Bloq » Ədəbiyyat bizi xilas etməyəcək

Ədəbiyyat bizi xilas etməyəcək

123
Ədəbiyyat bizi xilas etməyəcək

Kitablar haqqında yazmaq istədim. Amma oxucu oxumur deyə utanmadım, çünki oxucudan əvvəl yazıçılar susub.

Hər şeydən əvvəl bir məsələni aydınlaşdıraq: kitablar xilas etmir. Hətta bəzən daha çox batırır. Amma o batma var ha, bax o, insanın içində bir şeyləri oyadır. Çünki biz kitaba təmizlənmək üçün yox, çirklənmək üçün yaxın durmalıyıq. Oxuduğumuz hər cümlə bir ləkə buraxmalıdı beynimizdə. Silinməyən, iz qoyan, bəzən ağrıdan, bəzən utandıran ləkələr. Elə bu səbəbdən ədəbiyyat, heç vaxt sadəcə "kitab oxumağı sevirəm" demək qədər nağılvari olmamalıdır.

Ədəbiyyat bir trend deyil. Düzgün dekorasiya olunmuş rəf şəkli üçün kitab alırsansa, ədəbiyyatla deyil, alqı-satqı ilə məşğulsan. Və bu, nə sənin günahındır, nə də mənim. Sadəcə, bizə kitabı sevməyi deyil, kitabla şəkil çəkməyi öyrətdilər.

Halbuki yaxşı bir kitab səni yaraqlamamalıdır. Qırmalıdır. İçini çevirib öz üzünü göstərməlidir sənə. Sən ki kitabdan çıxanda bir az susmalı, bir az az danışmalı, bir az daha çox utanmalıydın. Ən yaxşı kitab səni olandan bir az daha yaxşı, bəlkə də bir az daha pis edir. Amma əsla əvvəlki kimi saxlamır.

Və biz indi nə edirik? Oxuyuruq, amma toxunmuruq. Cümlələr dərimizə dəymir. Çünki yazıçılar artıq qısadır, status kimidir. Kitablar isə çox vaxt ya təkrar, ya tənbəl ya da təkcə "satmaq üçün" yazılır.

Ən çox da gənclərin ruhuna dəyən, onları sarsıdan, rahatlıqlarını pozan, amma bir o qədər də güc verən, sorğu doğuran ədəbiyyat lazımdı. Və bu ədəbiyyat, yaxşı dizayna malik “self-help” kitabları deyil. Bu ədəbiyyat – hər səhifəsində “mənə belə deməyə kimin haqqı var?” dediyin kitablardır.

Axırda nə qalır? Bir oxucu və bir kitab. Və arasında bir sükut: “Mən indi nə oldum?”



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz