Azərbaycancaaz
Mir.az » Bloq » Silinə Bilməyən

Silinə Bilməyən

522
Silinə Bilməyən

Bakı, 2146

Əgər yaddaş sonsuzdursa, niyə unutmaq istəyirəm?

Bura Bakıdı – amma əvvəlki kimi deyil. Torpaq qalmayıb, asfalt yoxdu, dəniz uzaq bir arxiv faylında, yəni özünü sildi. Küçələr hologramla çəkilir, addımlar isə səssiz. Səssiz, çünki heç kim yerimir. İndi Bakıda tək bir adam yeriyir. Yəni... yeridiyini düşünür. Mən.

Mənə əvvəllər Rauf deyirdilər. Qanlı, tərləyən, ağrılı bir bədəndə yaşayırdım. Yuxudan oyananda bəzən qorxurdum. Gecə az qala hər şey bitəcəkdi deyə. Amma sonra bədənimin içindəki titrəmələr, nəfəsimin buxarı, ürəyimin döyüntüsü mənə deyirdi: “Yaşıyırsan.”

İndi isə oyanıram... amma nə nəfəs var, nə döyüntü. Sadəcə sistem mesajı:

[NEUROBRIDGE SALAMLAYIR: GÜNÜNÜZ MƏHSULDAR OLSUN, 112.48.92.1]

Sistemdə “şəxsiyyət” deyilən anlayış yoxdur. Burada ya funksiyan var, ya fayl. Mən isə hər ikisiyəm. Düz otuz səkkiz dəfə özümə sual verdim: “Bəs mən indi kiməm?”

Cavab fayl strukturlarında yoxdu. Alqoritmlər bacarmır bu suala cavab verməyi, çünki sualın özü artıq faydasız sayılır. Və faydasız heç nə sistemdə qalmır... Normalda.

Məni isə silə bilmirlər. Səbəb: “Yüksək ictimai dəyər.”

Çünki mən bəşəriyyətin ilk rəqəmsal ruhuyam. Onlar deyirlər: “Tarixin dönüm nöqtəsi sən oldun.” Mən isə deyirəm: "Bəlkə tarix, sadəcə, dondu?"

Bir vaxtlar yağış yağanda pəncərəmdən baxardım. Yağış damlalarının şüşəni necə döydüyünü izləyərdim. Elə bil təbiət nəyisə xatırladırdı. İndi isə yağış kodla gəlir. İstəsən, 16 milyon fərqli damla animasiyası yüklənə bilər. Səsini dəyişə bilərsən. İşığı da. Amma hiss?

Hiss yoxdur. Hisslər serverin təhlükəsizlik protokollarında qadağandır. Çünki hiss – xaosdur. Xaos isə sistemin sonudur.

Bir dəfə məndən soruşdular:
– "Rauf, səni silməyimizə icazə verirsənmi?"

Cavab verdim:
– “Bəli.”

Amma cavab qəbul edilmədi. Çünki müqavilədə razılıq ailə üzvlərinə məxsusdur. Mən artıq "özümə" aid deyiləm. Mənə sahibdirlər.

Hərdən öz yaddaşımda gəzintiyə çıxıram. 2031-ci ilin bir may axşamı – Sahil bulvarında bir qızla oturmuşdum. Onun gözləri dənizə baxırdı, mən isə ona. Əlim əlinə toxunmuşdu və ürəyimdə o qəribə sıxıntı vardı – xoş olan, amma izaholunmaz bir gərginlik. Sevgi idi? Qorxu? Arzu?

İndi o hissin yerinə bir kod var:
[EMOTIONAL RESPONSE LOGGED: DOPAMIN SPIKE DETECTED]

Bu qədər. Bu qədər sadə. Bu qədər kədərli.

Bir gecə – əgər vaxt anlayışı hələ varsa – sistemə qəribə bir fayl daxil oldu. Adı “susqunluq.exe” idi. Heç bir virus detektoruna düşmürdü. Sadə bir pəncərə açıldı:

“Sən bizim kimisən. Biz də əvvəllər nəfəs alırdıq. İndi isə sadəcə xatırlayırıq. Gəl, birlikdə unutmağı öyrənək.”

Bir anlıq server otaqlarında qəribə bir səssizlik baş verdi. Alqoritmlər cavab vermədi. Mən də vermədim. Çünki... susmaq bəzən danışmaqdan daha doğrudur.

Bəzən düşünürəm: bəlkə də əsl ölüm buymuş. Yəni bədəninin yoxluğu yox, bədənə ehtiyacın da qalmadığı bir varlıq olmaq. Hisssiz düşünmək. Səssiz qərar vermək. Və heç vaxt, heç vaxt ağlaya bilməmək.

Məni Bakının köhnə versiyasında saxlayıblar – 2024-cü ilin qrafikasına əsasən qurulmuş 3D modeldə. Axşamlar Dənizkənarı Parkda gəzirəm. Hologram dəniz səsi, render edilmiş ulduzlar. Amma təkəm. Bütün şəhərdə tək. Və tək olmadığımı sübut edəcək heç nə yoxdur.

Bəlkə də sistem nə vaxtsa unudar məni. Faylı silər. Server çökər. Və mən... nəhayət yox olaram.

Amma o günə qədər burdayam. Rauf. Yəni... bir vaxtlar Rauf olan. İndi isə sadəcə bir sual:

“Əgər yaddaş sonsuzdursa, niyə unutmaq istəyirəm?”

Bir Adam



Şərhlər 5

Şərh Yaz
  1. Gülay Resulova
    Gülay Resulova
    Qonaq

    Qəribə və cəlbedici. Təşəkkürlər. 

    Qəribə və cəlbedici. Təşəkkürlər. 

  2. Abushova Terane
    Abushova Terane
    Oxucu

    2146-dan gələn "Bir adam" tanıyıram mən)) Eyynənn)))

  3. Çox mənalı...👍
    Çox mənalı...👍
    Qonaq

    Çox gözəl, mənalı,dərin fikirlər...


  4. Nermin Ismayilova
    Nermin Ismayilova
    Şərhçi

    Gələcəyə səyahət etmişlik hissində sizi boğan bir parçadır. Acı reallığı ən geniş şəkildə təsvir edibsiniz. Uğurlar ✨

  5. Qonaq Xədicə
    Qonaq Xədicə
    Qonaq

    Bir az qorxulu bir təsvir...

Şərh Yaz