Azərbaycancaaz
Mir.az » Bloq » Yuxusuz Səyahət

Yuxusuz Səyahət

250
Yuxusuz Səyahət

Buxarlı qatarın içindəyəm. Əvvəllər heç buxarlı qatara mindiyimi xatırlamıram. Əslində, indi içində olduğum qatara mindiyim anı da xatırlamıram. Neçə saatdır burdayam? Qatarın hara gedəcəyini bilmirəm. Bildiyim tək şey qarşımda oturan adamı tanıdığımdır. O, Gəncə əsilli bir kişidir və olduqca cəsarətli adamdır. Halbuki mən gəncəliləri o qədər də sevməzdim. Dostum Əliş mənə baxıb belə deyir: "Murad, gözlərindən yuxu tökülür? Niyə çatacağımız yerə qədər yatmağa çalışmırsan?"

Əslində çalışıram. Amma mümkün deyil! Gözümə zərrə qədər yuxu getmir vallah! Panda tənbəlliyi ilə uzandığım vaqonun oturacağı yatmağa çox əlverişlidir əslində. Əliş çilli üzünün yarısını örtən rəngli gözləri ilə mənə baxır. Yatmadan şüurumu itirəcəyəm deyəsən. Dumanlı bir görüntü! Qatar, buxarını relslər ətrafında yayılmış palıd meşəsinə püskürərək irəliləyir. Meşə! Yuxumu qaçıran yaşıl bir əcaib, halbuki əvvəllər meşələri çox sevərdim. Yaşıl demişkən, gəncəlilərdən çox da xoşumun gəlmədiyini demişdimmi?

Bir anda özümü Bakı metrosunda görürəm. Dəli bir izdiham, hər tərəfdə tələsən adamlar. Bir az əvvəl Viktorian bir mənzərənin ortasında ikən bu qələbəlik cəhənnəmə necə gəldim? Bunu özümə izah etməliyəm. Həm də niyə hələ də yuxum yoxdur? Son bir sual: "Əliş hanı?"

Metro stansiyalarından birində düşürəm. Ağıllı telefonları və yuxulu sifətləri ilə dolaşan Bakı camaatı bir an simpatik gəlir mənə. Yuxusuzluq səbəbilə onlarla bir növ empatiya qurmuş olmalıyam. Bayıra çıxanda əsl şok dalğası məni vurur. Günəş yoxdur! Zarafat etmirəm. Günəş göy üzündə deyil və atmosfer qəribə bir maddə ilə örtülüdür. İnsanlar buna məhəl qoymadan həyatlarına davam edirlər. Dərhal tarixə baxmaq üçün bir qəzet alıram. Manşet diqqətimi çəkir tarixdən əvvəl. "Böyük fəlakətin əlli yeddinci ildönümü!"

Tarix 12 May 2131. Yer Bakı, daha doğrusu yeni adı ilə Baki. Azərbaycan dili mən görməyəli xeyli təkamül edib. Halbuki bu dərəcədə böyük söz dəyişiklikləri üçün çox uzun illər lazımdır. Ancaq mənim Bakıya son gəlişim 2023-cü ildə idi. Yəni 115 il əvvəl. Çox da olmayıb. Bəlkə bir növ inqilab olmuşdur, Azərbaycan dilinə belə təsir etmiş növdə bir şey, bəlkə klişe bir zombi hücumu insan mədəniyyət mirasında dağıntılara səbəb olmuşdur. Nəysə, bunlardan daha vacibi budur: "Niyə bu zamandayam və niyə hələ də yuxum yoxdur?"

"Özümü pis hiss edirəm."

Bu xanımımın səsidir. Dejavu bütün ruhumu bürüyür indi. Bu cümlə, bu otaq, bu qoxu...

"Həkim çağırmağımı istəyirsən canım?"

Xanımım sualımı cavablandırmır. Yerə yıxılır. Ağzından qan axır. Bu dəhşət verici mənzərə haralardan tanışdır. Ağlayıram. Xanımıma sarılaraq ağlayıram. Əliş otağa girir və Leylaya nə olduğunu soruşur. İndi bu gəncəliyə vəziyyəti necə izah etməli? Onların dilində incə xəstəliyin mənası nə idi? Əliş və mən qalxıb Bakinin ən tutqun yerlərindən birinə gedirik. Əliş içdikcə içir, sərxoş olaraq bir şeyləri unutmaq istədiyini düşünürəm. Bir qadının adını sayıqlayıb durur. Sevgi acısımı? Gəncəlilərə məxsus bir növ trans halımı? Nəhayət partlayıram.

"Hey!"

Mənə baxır. Çilləri qızarmış, gözləri kimi.

"Onu öldürdüm," deyir.

"Kimi?"

"Onu," deyir, "əllərimlə boğdum."

Sərxoşluğun verdiyi səs pozulması ilə danışır. "

O an heç ağlımdan çıxmır. Əllərimdə hərəkətsiz qalışı." "Kimdir əyə?" deyirəm, "Kimi öldürdün?" "Xanımımı, əziz Sevincimi öldürdüm."

Sevinc hansı dildədir? Gəncədə belə bir adın olduğunu zənn etmirəm. Cənub dillərinindəki sözlərə bənzəyir.

"Nəysə," deyirəm, "Bakı niyə bu haldadır? Günəş hardadır?" "Baki!" deyə düzəldir məni. "Zarafat edirsən yəqin, göydaşını, atmosferə çəkilən qoruma divarını xatırlamırsan?"

Nə deyir bu adam? Mən hazırda niyə Bakidə olduğumu belə bilmirəm. Heç nə realistik görünmür. Sanki ucuz bir filmi ortasından izləməyə başlamış kimi hiss edirəm. Üstəlik yuxusuzam. Bayıra çıxıb Bakini gəzməyə başlayırıq. İçərişəhərdəki – buranın adı dəyişməyib – göydələnlərin hamısı oynar körpülərlə bir-birinə bağlanıb. Maraqlı şəkildə uçan maşınlar yoxdur. İnkişaf edən texnologiya bir müddət sonra insanları sıxmış olmalıdır. Bəlkə yeni şeylərə olan maraqlarını itiriblər.

"Böyük Azərbaycan röyası!" deyə qışqıraraq danışmağa başlayır Əliş. "İngiltərənin qədim imperatorluğunda günəş batmırdı. Burada görə bilmirik belə onu. Fotosintez mərkəzləri və ucuz bitki təqlid edən şeylər, depressiv insanların başını qatacaq rəqəmsal oyuncaqlar, bir zamanlar ucsuz-bucaqsız çölləri olan qərbdə açılmış əyləncə meydanları, minlərlə yeni din, insanlar darıxmağa başladı, Azərbaycan röyası bezmişdi artıq dostum."

Bu sayıqlamalar alkolun təsiri ilə olur? Yoxsa Əliş həmişə belədir? Mən də bilmirəm ki. Əliş mənə buxarlı qatarların yeni versiyalarını göstərir. Saatda üç min kilometr sürətlə gedə bilən qatarlar buxarlı olsa nə olar ki? İzləyə belə bilmirsən. Bir an beynimdə bir şimşək çaxır. Sanki Əlişin bütün həyatı boyu yaşadıqlarını bilirəm. Sanki onun beynindəyəm. Ya da bəlkə o mənim beynimdədir. Çəkinərək soruşuram.

"Əliş, sən də yuxusuzsanmı?"

Təəccüblə mənə dönür.

"Ölməyi istəyəcək qədər yuxusuzam," deyir.


Oyanıram. Bir kabinənin içərisindəyəm. Gözlərim dumanlı gördüyü üçün güclə seçə bildiyim bir kişi kabinənin qapısını açır. Çətinliklə çıxa bilirəm kabinədən. Artıq yuxusuz hiss etmirəm. Hətta çox gümrah olduğumu deyə bilərəm. Gözlərimdəki dumanlıq tez yox olur. Çıxdığım kabinənin üzərindəki lövhədə yazılanları gözdən keçirirəm.

"Yuxu Kabinəsi, Təcrübə Nömrəsi: 13, Ad: Murad Əliyev, Aid Olduğu Zaman: Böyük Fəlakət Öncəsi Qədim Buxar Dövrü"

"Bura haradır?"

Sualımı yönəltdiyim adam Jül Vernin romanlarından çıxmış kimi maraqlı bir qoruyucu geyimlə yanımda durur.

"Yuxu Kabinəsi Layihəsi üçün inşa edilmiş bir kosmik gəmidəyik, cənab. Təxminən bir ildir metabolizmanızı yuxu halında saxladıq. Təcrübə Nömrəsi: 13 olaraq sınağı uğurla tamamladınız. Təbriklər!"

Əlimə bir kağız verir. Mən və Əliş haqqında bir şeylər yazır kağızda. Oxuyuram.

"Təcrübə 12 və Təcrübə 13, dərmanın yan təsirləri ilə üzləşdilər. Bir-birlərinin yuxularında dolaşaraq bir növ müştərək şüur halı yaşayırlar."

Adama dönürəm.

"Nədir bütün bu olanlar?" deyə soruşuram.

"Böyük Fəlakətdən sonra bu layihəyə başladıq," deyir adam. "Bu fəlakətdə bir çox varlı insan öldü. Sağ qalanlar da böyük qorxu yaşadılar. Bizdən belə bir layihə tələb etdilər. Onları fəlakət anında yatırdıb hər şey düzəldikdən sonra oyatmağımızı istədilər. Biz də belə bir dərman istehsal etdik. Sonra bu dərmanı sınamaq üçün sizin kimi edam məhkumlarını istifadə etdik." "Mən edam məhkumuyam?" deyə qorxaraq soruşuram. "Yaddaşında meydana gələn zəifləmə səbəbiylə xatırlamırsan. Dərmanın gözləmədiyimiz bəzi yan təsirləri oldu. Amma narahat olma, bu layihədə yer alıb insanlara yardım etdiyiniz üçün əfv ediləcəksən yəqin. Bizə deyilən bududur ən azından. Həm də sən bu zamana aid deyilsən. Səni öldürəcəklərini sanmıram." "Necə?" Başım qarışıq haldadır. "Səni qədim buxar dövründən gətirdilər. Zaman maşını ilə." "Əyə madam zaman maşını var," deyirəm, "varlılar fəlakətləri görməmək üçün niyə onu istifadə etmir."

Adam gülür.

"Sən şanslısan, zaman maşınında ölüm nisbəti otuz səkkiz faizdir. Səncə varlılar bu riski götürər?" "Bəs indi?" deyə soruşuram. "Gedə bilərsən," deyir, "yeni bir dünya səni gözləyir."


Tarix 12 May 2074. Yer: Bakı. Dənizkənarı parkda toplanan insanlar göy üzünə baxdıqlarında bir cismin yaxınlaşdığını görürlər. Qorxu qışqırıqları hər tərəfi bürüyür. Böyük Fəlakət gəlir.

Bir Adam



Şərhlər 1

Şərh Yaz
  1. Qonaq Xanim
    Qonaq Xanim
    Qonaq

    Çox fantastik bir hekayə idi . Olduğca maraqlı,sanki her şey qarişiq idi. Axıra qədər oxudum demək olar ki heçnə anlamadım. Ama çox uzaqlara səhayət etmiş kimiyəm. Teşekkür edirəm 🛤️🪩

Şərh Yaz