Anthony Smith "Millətçilik və Modernizm" PDF
Millətçilik son iki əsrə damğasını vurmuş ən vacib cərəyanlardan və hadisələrdən biridir. Buraxıldıqda tərəfdarlarını “şanlı” qələbələrə apara bilən, lakin tarixin də göstərdiyi kimi, qarşısına çıxan hər şeyi silib süpürən, sonu görünməyən “qanlı” ədavətlərə səbəb olan, qonşunu qonşuya düşmən edən, çay sahillərini alovdan bir pərdə ilə ayıran qorxunc və nəzarətolunmaz bir gücə malikdir. Üstəlik, bu gün də varlığını qoruyur. XX əsrə dərin yaralar vurmuş, iki dünya müharibəsinin əsas amillərindən biri olmuş bu güc, əsrin sonlarında gözlənilən proqnozların əksinə olaraq zəifləmək əvəzinə, xüsusilə Şərqi Avropa, Qafqaz, Yaxın Şərq və Orta Şərqdə yenidən yüksəlişə keçmişdir. Bəs bu yüksəliş necə izah edilə bilər? Millətlər və millətçilik, modern dövrün bizə bəxş etdiyi yeni bir hadisədir, yoxsa kökləri tarixin dərinliklərinə gedib çıxır? Millətçiliyin hansı növləri mövcuddur? İnsanları ortaq bir məqsəd ətrafında birləşdirib səfərbər edə bilən millətçi hərəkatlar gücünü nədən alır?
Millətçilik araşdırmaları sahəsinin qurucusu və aparıcı tarixi sosioloqlardan biri olan Anthony D. Smith bu kitabda millətçiliyin və millət anlayışının geneologiyasını araşdırmaq cəhdləri ilə üzləşir. Gellner, Mann, Anderson, Armstrong, Geertz, Giddens, Hobsbawm, Kedourie, Hroch, Holowitz kimi bu sahənin tanınmış alimləri ilə apardığı müzakirələrdə millətçiliyin əsas elementlərini və bu fenomeni izah edən nəzəriyyələrin güclü və zəif tərəflərini ortaya qoyur. Millətçilik və modernizmin tarixdə bir-biri ilə sıx bağlı hekayəsini araşdıraraq, bizə bu günü və yaxın gələcəyi anlamağa imkan verən, oxunması asan bir yol xəritəsi təqdim edir.
Şərhlər 0
Şərh Yaz