Camal Zeynaloğlu "Gecikmiş sevgi" PDF
İnsan təbiəti iki xassəlidir. Zahirən görünən, maddi xüsusiyyətlərə malik olan insan - yəni zamanın təsiri ilə dəyişən insan; ikincisi daxili aləminə aid olan, yəni zəka, idrak, vicdan kimi keyfiyyətləri özündə birləşdirən mənlikdir ki, maddi aləmdə nisbi olan hər şeyi onunla anlayıb təyin edir, dəyişkənlikləri müqayisə edirik. Məhz insana xas olan bu ikinci xassə məkan və zamanın təsirindən dəyişmir. Vicdan həqiqət və mənəvi Əxlaqdır. Hər bir insanın təbiətinə Allah tərəfindən bəxş edilmiş, yerləşdirilmiş nurdur. Lakin hər adam bunu lazımi səviyyədə dərk etmir. Camal Zeynaloğlunda qəlbindən zahirinə süzülən ilahi işıq var.
Bəzən düşünürəm;“Camalı öz dövrünün Ziyalılarından fərqləndirən əsas cəhətlər hansılardır? Doğulub böyüdüyü mühitdə aldığı tərbiyəmi? Kamilliyə can atmağı, Allaha qəlbən bağlılığı, sadəliyimi?”
Bütün bunların hamısı Camalda var. O, elmə, savada yüksək qiymət verən ailə mühitində kamilliyə çatmaqda yol göstərən müəllimlər əhatəsində, ona halallıq təlqin edən, Allahın böyüklüyünə sığınan ata-anasının tövsiyələri ilə böyümüşdü. Bəs sadəlik? “Sadəlik onun geyindiyi ən gözəl libasdır” - desəm, daha doğru olar. Ata tərbiyəsi, qardaş himayədarlığı onun dünyagörüşünün formalaşmasında az rol oynamamışdır.
Camal Zeynaloğlu zamanın nəbzini tutan, yazıçı-publisist, tərcüməçi-psixoloq kimi öz əsərləri ilə ədəbiyyatımıza yeniliklər gətirən yazarlardandır. O, nə yazırsa yazsın bütün əsərlərində bugünkü həyatın reallıqlarını əks etdirdiyinə görə oxucu onu sevə-sevə oxuyur. Çünki onun qələmə aldığı hekayə və povestlərdə haqsızlığa qarşı mübarizə, qanunun aliliyini qoruyub saxlayan, ona hörmətlə yanaşan bəzi hüquq müdafiəçilərin hələ də cəmiyyətdə var olmaları, insan ləyaqətini, şərəfini hər şeydən uca tutan qəhrəmanların mövcudluğu və onların cəmiyyətdə tör-töküntülərinə qarşı mübarizə aparması oxucularda istər-istəməz sabaha ümid və inamla baxmasına stimul verir.
C.Zeynaloğlunun əsərlərində yaratdığı, bəzən adını dəyişdiyi qəhrəmanları həyatda bizimlə çiyin-çiyinə çalışan, hər gün rastlaşdığımız real insanlardır. O, qəhrəmanları ilə görüşüb söhbət edir, onlarla dərdləşir, onları narahat edən problemləri birgə cözməyə çalışır. Ona görə də Camal müəllimin yaratdığı qəhrəmanlar oxucular tərəfindən sevilir. Çünki bu görüşlər, ünsiyyətlər olmasa o, yazmır. Bəlkə elə buna görə də onun yazdıqlarında oxucunu cəlb edən, ovsunlayan nə isə var. Kitabda toplanmış “Ziyarət”, “Paxıllıq”, “İftira”, “Qızıl külqabı”, “Quru çörək”, “Qonşu tikəsi”, “Nərəy dərəsində qanlı döyüş”, “Ölüm düşərgəsindən qaçış” adlı hekayələrində hər bir oxucunu düşündürən, onu narahat edən, onun psixolojisinə təsir göstərən, iç dünyasını titrədən və ibrət götürüləsi çox şeylər var.Məsələn, “Gecikmiş sevgi” hekayəsini həyəcansız oxumaq mümkün deyil. Şəxsən mən hekayəni oxuyanda həm kövrəldim, həm də təəssüf hissi keçirdim. Kövrəldim ona görə ki, ömrünün ahıl çağında özündən asılı olmadan sevdaya düşən bir qadının taleyi yenə də gətirmir. Təəssüfləndim ona görə ki, bugünkü gənclərimiz kaş ki, bu qadının “ahıl yaşında həyatına müsafir olan və çox da gecikmiş əsl sevgi hissi” keçirə biləydilər. Mən C.Zeynaloğlunun əsərlərini təhlil etmək fikrim yoxdur, çünki bu məsələni dəyərli oxucularımızın ixtiyarına buraxıram.
Bir qədər də Camal Zeynaloğlunun yeni yaradıcılıq janrı olan esseləri haqqında söz demək istəyirəm. Etiraf edim ki, mən bu esseləri daha diqqətlə oxudum. “Əlim yetmədi sənə”, “Yuxularına gələcəyəm”, “Sənsizəm”, “Həsrət”, “Sən gedəni”, “Şəhid anası”, “Kaş biləydin ki...”, “Həsrətə dözmür ürək”, “Mənimçün heç qocalmadın ki...”, “Başqasına dəyişdin məni”, “Mənə dözüm ver, İlahi!” kimi esselər yazıçının dərin psixoloji dünyasının güzgüsü kimi daxili duyum hissini, düşüncələrini özündə əks etdirə bilmişdir. Elə buna görə də qələm sahibinin kövrək hisslər üzərində köklənmiş esselərinin dostları və oxucuları tərəfindən uğurla qarşılanacağına əminəm. Esselərdə öz əksini tapmış inam, etiraf, inad, küskünlük, itirdiklərindən doğulan can yanğısı düşündürücü olduğu qədər də bir qəlbin etiraz səsidir. Bu esseləri düşünə-düşünə, təhlil edə-edə oxudum. Nəhayət ki, səni sıxan, qətrə-qətrə ürəyində közərən hisslərini ifadə edə biləcək bir üslub tapa bilmisən. Təbrik edirəm, dostum, qələmin kəsərli olsun!
Şərhlər 0
Şərh Yaz