Oktay Rifat 1980-ci ildə nəşr olunan "Danadişi" kitabı ilə 1981-ci ildə Madaralı Roman Mükafatını aldı. Xüsusilə qəhrəmanlarının daxili dünyasını təsvir edərkən tutduğu təsirli dili ilə bir şairin qələmindən çıxdığı bəlli olan "Danadişi", müxtəlif təbəqələrdən olan insan həyatlarına güzgü tutarkən bir dövrə də şahidlik edir.
Gedənin boşluğunda qisas alma duyğusunun sürətlə boy atdığını görürdü. Yox, tutulmamışdı. Sadəcə qisas almaq istəyirdi. Bunun acısını fitil-fitil gətirəcəkdi burnundan. Eminənin üzü. Eminənin işıqlığı. Eminənin əlləri. /.../ Yatırdı, dərin bir yuxuya dalırdı, yuxunun dənizinə ya da torpağına. Dənizsə meduzalar, torpaqsa qurdlarla yapışqan və lıqqıldayan idi. Rahatlıq heç cür oturmurdu yuvasına, təkir pişik ya da Kayışdağdan əsən külək kimi yallanır, birələnirdi bir az o tərəfdə. Rəcəb Eminənin cəsədinə ilişirdi yuxunun ən dərin yerində, eynilə üzən bir yosunun torlara ilişməsi kimi. Dib sularda ölü ilə birlikdə yırğalanırdılar. Ölü, bir şəfəqin fırlanğıcında çevirirdi gözlərini, biri kiçildikcə o biri böyüyürdü. Bənövşəyi idi dənizin altı ya da torpağın içi, yapışqan və lıqqıldayan. Bütün ölülərin səssizliyi idi bu.
Şərhlər 0
Şərh Yaz