4. Emili Bronte - 30 iyul 1818-ci ildə Maria Brenvel və irlandiyalı ata Patrik Brontenin ailəsində anadan olub. Ailə İngiltərənin Yorkşir əyalətinin Bredford şəhərinin kənarındakı Tornton kəndindəki Market Stritdə yaşayıb. Emili altı uşağın beşincisi idi, ondan əvvəl Maria, Elizabet, Şarlotta və Brenvel vardı. 1820-ci ildə Emilinin kiçik bacısı Enn, sonuncu Bronte uşağı dünyaya gəlib. Qısa müddət sonra ailə səkkiz mil uzaqlıqda olan Havorta köçür və burada Patrik daimi kurator işi ilə təmin olunur. Havortda uşaqların ədəbi istedadlarını inkişaf etdirmək imkanları daha çox idi. Amma ailəni davamlı bədbəxtliklər izləyir. 15 sentyabr, 1821-ci ildə anaları Marianı xərçəng xəstəliyindən itirirlər. Azyaşlı uşaqlara xalaları və böyük bacıları Elizabet baxmalı olur. Emilinin üç böyük bacısı Maria, Elizabet və Şarlotta Ruhani Qızlar Məktəbinə göndərilir. Altı yaşı tamam olandan sonra Emili də bacılarına qoşularaq məktəbə gedir. Məktəbdə isə uşaqlar zorakılığa və məhrumiyyətlərə məruz qalırlar. Tif epidemiyası ölkəni bürüyəndə Mariya və Elizabet də xəstələnir. Vərəmə yoluxa biləcəkləri ehtimalı ilə evə göndərilən qızlar bir-birinin ardınca evdə vəfat edirlər. Bacıların vəfatından sonra ataları Şarlotta və Emilini də məktəbdən uzaqlaşdırır.
Qalan uşaqlara evdə ataları və xalası Elizabet Brenvel təhsil verməyə çalışır. Formal olaraq təhsilləri olmasa da Emili və onun bacıları dövrün nüfuzlu jurnallarını, qəzetlərini əldə edib oxuya bilirdilər.
On yeddi yaşında Emili Şarlottanın müəllim olduğu Qızlar məktəbinə getməyə başlayır, lakin həddindən artıq ev həsrəti çəkərək qısa müddət sonra oranı tərk edib evə qayıdır. Emili evə qayıdandan sonra Enn onun yerinə oxumağa gedir. Bu zaman qızların məqsədi öz kiçik məktəblərini açmaq üçün kifayət qədər təhsil almaq idi.
Emili 1838-ci ildə, iyirmi iki yaşı olanda məktəbdə müəllim kimi işə başlayır. Onun əvvəldən zəif olan sağlamlığı 17 saatlıq iş gününün stresi altında tezliklə pozulur və 1839-cu ilin aprelində evə qayıdır. Bundan sonra evdə qalaraq daha çox ev işləri ilə məşğul olmağa başlayır. O, alman dilini kitablardan, həmçinin fortepianoda çalmağı öyrənir.
1844-cü ildə Emili o dövrə qədər yazdığı şeirləri gözdən keçirməyə başlayır və onları səliqəli şəkildə iki dəftərə köçürür. 1845-ci ilin payızında Şarlotta dəftərləri tapır və şeirlərin çap olunmasını təkid edir. Şəxsi həyatına müdaxilədən qəzəblənən Emili əvvəlcə imtina edir, lakin Enn də öz əlyazmalarını çıxarıb Şarlottaya verərək gizli şəkildə şeirlər yazdığını bildirəndə təslim olur. "Qondal hekayələri"nin həmmüəllifləri kimi Enn və Emili bir-birlərinə hekayələrini və şeirlərini oxumağa vərdiş etmişdilər, Şarlotta isə onların şəxsi həyatından kənarda qalmışdı. Bu dövrdə Emili özünün ən yaxşı şeirlərini yazmışdı.
1846-cı ildə bacıların şeirləri bir cilddə, Currer, Ellis və Acton Bellin şeirləri kimi nəşr edilir. Bronte bacıları öz baş hərflərini qoruyub saxlamaqla özlərinə təxəllüslər seçmişdilər. Şarlotta (Charlotte) üçün "Karrer Bell" ("Currer Bell"), Emili üçün "Ellis Bell" və Enn (Anna) üçün "Ekton Bell" ("Acton Bell"). Kitab nəşr olunandan bir neçə ay sonra bacılara cəmi iki nüsxə satıldığı deyilsə də ruhdan düşmədilər.
Viktoriya dövrünün mühüm qadın yazarlarından biri olan Emili yeganə romanı "Uğultulu təpələr"lə adını ingilis ədəbiyyatının ən önəmli yazarları arasında yazdırmağı bacarıb. Tək roman ilə qüdrətini dünyaya elan edən yazar yenilikçi quruluşda yazdığı bu romanı ilə tənqdiçiləri təəccübləndirib və romanını ingilis ədəbiyyatının klassikinə çevirib. Onu təqdim edərkən Bronte bacıları haqqında danışmasaq düzgün olmazdı. Üç yazar bacı Emili, Şarlotta və Enn ingilis ədəbi aləmində öz yerini tutmuş görkəmli qadın yazarlardır. Enn Bronte "Agnes Grey" romanı, Şarlotta Bronte isə "Ceyn Eyr" adlı məşhur əsəri ilə ingilis ədəbiyyatına böyük töhfə verib. Ailə olaraq yazdığı əsərlərlə dünya ədəbiyyatı tarixində əbədi qalacaqlar.
Dünya ədəbiyyatının əvəzolunmaz 7 ingilis qadın yazarı
Şərhlər 0
Şərh Yaz