6. Aqata Kristi - 15 sentyabr 1890-cu ildə anadan olub. Əsl adı Aqata Meri Klarissa Miller olan yazar detektiv janrının kraliçası hesab olunur. Bu ləqəb ona illər öncə verilib. Əsərləri indiyə qədər 103 dilə tərcümə edilib. Kitabların tirajı isə ildən-ilə artmaqdadır.
Əksər məşhur yazarın həyatı keşməkeşli, acınacaqlı olsa da Aqatanın bu baxımdan bəxti gətirib. O, İngiltərənin Denvor qraflığından ABŞ-a köçüb gələn zəngin mühacir ailəsində dünyaya gəlib. Yaşadığı mühiti gələcək əsərlərində aydın şəkildə təsvir edib. Ailənin kiçik uşağı olan Aqata gözəl ailə tərbiyəsi görüb, musiqi təhsili alıb.
11 yaşında atasını itirən Aqata anasının himayəsində böyüyüb. O, 8 yaşına kimi heç bir məktəbdə təhsil almayıb, çünki anası bunun əleyhinə olub. Amma Kristi hələ 4 yaşından yazmağı bacarıb. İlk əsərlərini anasının təsiri ilə yazmağa başlayıb. Güclü soyuqdəymədən yatağa düşən qıza anası darıxmaması üçün kiçik hekayələr yazmağı məsləhət görür və böyük yazarın karyerası beləcə başlayır.
İngiltərədə Şekspirdən və "İncil"dən sonra kitabları bestsellərə çevrilən, detektiv roman deyincə ağla gələn ilk qadın yazardır. Yazar bir müddət Meri Vestmakot təxəllüsü ilə sevgi romanları da yazıb. Yazarın başına gələn bir hadisə yazdığı kitablardakı hadisələrdən də maraqlı olması ilə diqqət çəkib. Yazar 1926-cı ildə 11 gün yoxa çıxır və nəhayət, avtomobili gölün kənarında, əşyaları ətrafa səpələnmiş halda tapılır. Bəziləri yaddaşsızlıqdan əziyyət çəkdiyini, bəziləri ərinin sevgilisini öldürməyə getdiyini iddia edir.
Yazar ədəbiyyat dünyasına Erkül Puaro adlı kult personaj gətirib. O, bu personajı ilk romanında yaradıb. Bu qəhrəman onun son romanlarının birində ("Pərdə") vəfat edir. Maraqlıdır ki, bu roman nəşr olunandan 40 il əvvəl yazılıb, amma naşirlər illərlə sevimli personajın ölümü ilə bağlı olan kitabı çap eləməkdən boyun qaçırıblar.
Yazarın 1952-ci ildə Londonun Ambassador teatrında səhnəyə qoyulmuş "Tələ" pyesi teatr tarixində ən çox oynanılmış pyesdir.
Dünya ədəbiyyatının əvəzolunmaz 7 ingilis qadın yazarı
Şərhlər 0
Şərh Yaz