Azərbaycancaaz
Mir.az » Resept » Qonaq Süfrəsi Üçün İdeal : Moruqlu Qaymaqlı Rulet Resepti

Qonaq Süfrəsi Üçün İdeal : Moruqlu Qaymaqlı Rulet Resepti

911
asan resept,asan yemək resept,sadə resept
620 calories, 6 grams fat
Qonaq Süfrəsi Üçün İdeal : Moruqlu Qaymaqlı Rulet Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Qonaq süfrəsi üçün görünüşü göz oxşayan dadlı rulet hazırlaya bilərsiniz. Moruqlu içliklə və kəsmikli-qaymaqlı kremlə zərif biskvit ruletini təqdim edirik. Əminəm ki , hər kəs dadına , görünüşünə heyran qalacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

40 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:


    Biskvit üçün:
  • 5 ədəd yumurta
  • 130 qram un
  • 120 qram şəkər tozu
  • 8 qram vanil

  • Biskviti islatmaq üçün:
  • 70 qram şəkər tozu
  • 70 ml su

  • Qaymaqlı krem üçün:
  • 200 ml 30% yağlılığı qaymaq
  • 200 qram kəsmik
  • 180 qram şəkər tozu

  • Moruqlu cem üçün:
  • 500 qram moruq
  • 130 qram şəkər tozu
  • 2 xörək qaşığı nişasta

Hazırlanma qaydası:

Biskviti hazırlamaq üçün otaq temperaturunda olan 5 ədəd yumurtanın sarısını ağından ayırın. Bir qabda yumurta ağını 120 qr şəkər tozuyla mikserin köməyi ilə yaxşıca çırpın. Üzərinə 8 qr vanil əlavə edib çırpmağa davam edin. Çırpılmış yumurta ağına yumurta sarılarını da bir-bir əlavə edib çırpın. Üzərinə 130 qr ələnmiş unu 3 dəfəyə əlavə edib taxta qaşıqla və ya spatulayla ehtiyyatla qarışdırın. Hazır biskvit xəmirini yağlı kağız sərilmiş soba sinisinə yayıb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 20 dəqiqə bişirin. Bişən biskviti sobadan götürən kimi mətbəx dəsmalına qoyub yağlı kağızı çıxarın. Daha sonra isti-isti dəsmala rulet formasında büküb soyuması üçün kənara qoyun.

Siropu hazırlamaq üçün balaca qazanda 70 ml su və 70 qr şəkər tozunu qarışdırıb ocağa qoyun. Qaynamağa başladıqda 1 dəqiqə qaynadıb ocaqdan götürün.

Moruqlu cemi hazırlamaq üçün dərin bir qazanda 500 qr moruğun üzərinə 130 qr şəkər tozu və 2 xörək qaşığı nişastanı töküb ocağa qoyun. Zəif ocaqda qarışdıraraq, qaşıqla moruqları əzərək bişirin. (Moruq əvəzinə istədiyiniz giləmeyvəni istifadə edə bilərsiniz.) Bişən cemin tumlarını süzmək üçün isti halda ələkdən keçirin.

Qaymaqlı kremi hazırlamaq üçün bir qabda 200 qr kəsmiyi 180 qr şəkər tozuyla blenderlə eynikütləli olanadək əzin. Kəsmikli kütləni ələkdən keçirin. Mikser qabında 200 ml soyuq qaymağı mikserin aşağı sürətiylə tədricən artıraraq çırpın. Üzərinə kəsmikli kütləni də əlavə edib qarışdırın.
Biskviti siropla isladıb üzərinə moruqlu cemi hər tərəfinə yaxın. Qaymaqlı-kəsmikli kremi də yaxıb biskviti rulet formasında bükün. Streç sellofana ruleti büküb 4 saatlıq soyuducuya yerləşdirin. Rulet üzərini zövqə görə moruqlarla və ya qalan kremlə bəzəyə bilərsiniz.


NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz